
iOS 19-da Camera tətbiqini irimiqyaslı redizayn gözləyir (VİDEO)
Proqram Təminatı
21.01.2025
Emil
Apple şirkəti iOS 19-u bu ilin iyun ayında baş tutacaq WWDC 2025 konfransı çərçivəsində təqdim etməlidir. İndi isə internetdə iOS 19-dakı Camera tətbiqində reallaşdırılacaq böyük yenilənmə barəsində məlumat ortaya çıxıb. Belə ki, YouTube bloger Jon Prosser bildirib ki, iOS 19-dakı Camera tətbiqinin redizaynı özündə visionOS əməliyyat sisteminin estetikasını birləşdirəcək. Prosser bildirib ki, o, yenilənmiş Camera tətbiqinin necə çalışdığını görüb. Lakin bloger yenilənmiş tətbiqin necə göründüyünü əks etdirən videonu sərgiləyə bilmədiyi üçün onun istifadəçi interfeysini sıfırdan fərdi şəkildə hazırlayıb.
Hazırlanmış versiya yenilənmiş Camera tətbiqinin iOS 19-da necə görünə biləcəyini əks etdirir. Videodan da görmək olar ki, Apple yenilənmiş Camera tətbiqinin interfeysini sadələşdirmək niyyətindədir. Ekranın aşağı hissəsi iki bölməyə ayrılacaq. Photo və Video. Bu bölmələrdən hər birində müxtəlif çəkiliş rejimlərindən birini seçmək və digər çəkiliş parametrlərini ayarlamaq mümkün olacaq. Ekranın yuxarı hissəsində Live Photos üçün sürətli ayarlar aktiv olacaq. Fotolardan təşkil edilmiş kitabxanaya keçid üçün nəzərdə tutulmuş ayrıca düymə olduğu kimi qalacaq. Sözügedən yeni redizaynın əsas üstünlüyü çəkiliş üçün böyük ekranın təqdim edilməsidir. Nəticədə istifadəçi əsas diqqətini kənar elementlərə deyil, çəkiliş prosesinə yönəldə biləcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
