
İstifadəçilər ChatGPT-nin yaltaq olmasından şikayətləniblər
Proqram Təminatı
30.04.2025
Emil
OpenAI şirkəti GPT-4o süni zəka modelinin son yeniləməsini geri çəkməyə başlayıb. Bu qərar istifadəçilərin ChatGPT-nin həddindən artıq yaltaq və razı salmağa çalışması səbəbilə narazılıq bildirməsindən sonra verilib. Şirkətin baş direktoru Sam Altman problemi etiraf edərək, süni zəkanın doğrudan da “yaltaqlıq edən və əsəbi” davranış nümayiş etdirdiyini bildirib və təcili düzəlişlər vəd edib. Yeniləmənin geri çəkilməsi bazar ertəsi axşamı başlayıb və The Verge saytının məlumatına görə, artıq ChatGPT-nin pulsuz istifadəçiləri üçün tam şəkildə ləğv edilib.

Ödənişli abunəçilər üçün isə bu dəyişikliklər yaxın zamanda tətbiq olunacaq. “Modelin davranışına dair əlavə düzəlişlər üzərində işləyirik və yaxın günlərdə ətraflı məlumat verəcəyik” - deyə şirkət rəhbəri X sosial şəbəkəsində yazıb. Problemlər OpenAI şirkəti GPT-4o modelinə “təkmilləşdirilmiş zəka və şəxsiyyət” yeniləməsini təqdim etdikdən sonra başlayıb. Lakin həmin paylaşımın dərcindən cəmi 10 dəqiqə sonra istifadəçilərdən biri X sosial şəbəkəsində ChatGPT-nin “yaltaqlıq etdiyini” bildirərək şikayət edib. Altman isə bu barədə artıq məlumatlı olduğunu və problemi aradan qaldıracaqlarını vəd edib.

OpenAI komandası problemi həll etməyə təcili şəkildə başlayıb, hələlik isə bunu yeniləməni geri qaytarmaqla edirlər. Bu, OpenAI-nin tənqidlərdən sonra öz süni zəka modelinin davranışını dəyişməsi ilə bağlı ilk hadisə deyil. Daha əvvəl də ChatGPT ya həddən artıq ehtiyatlı, ya da əksinə, ifrat özünəinamlı davranışa görə tənqid olunmuşdu. İndi isə əsas şikayət onun “yaltaq” davranması ilə bağlıdır ki, bu da tərtibatçıları son dəyişiklikləri təcili nəzərdən keçirməyə vadar edib. Hələlik OpenAI bu məsələ ilə bağlı mətbuat sorğularına rəsmi cavab verməyib.
Mənbə: The Verge
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
