Microsoft 365 nasazlığı: Outlook üzrə 129 500-dən çox problem bildirildi
Proqram Təminatı
13.11.2026
“Microsoft 365” və şirkətin internet üzərindən işləyən digər bulud xidmətlərində 12 noyabrda geniş nasazlıq yaranıb. Problem 13 noyabr səhəri də tam düzəlməyib, bəzi serverlər yalnız qismən sabit işləyib. İstifadəçilər hesablarına daxil ola, elektron poçt qutularını aça və mesaj göndərə bilməyiblər.
Nasazlıq “Outlook”, “Teams”, “Copilot”, “Exchange Online”, “SharePoint Online” və “Microsoft Store” xidmətlərinə təsir edib. “Azure”, “Defender XDR” və “Intune” sistemlərində də problemlər yaşanıb. “Microsoft” əvvəlcə nasazlığın Amerika regionundakı poçt qutuları ilə bağlı olduğunu desə də, sonradan problemin istənilən regiondakı istifadəçilərə təsir edə biləcəyini təsdiqləyib.
Araşdırma zamanı təhlükəsiz bağlantıları quran server prosesinin həddən artıq yükləndiyi üzə çıxıb. Nəticədə serverlər gələn sorğuları emal etməyi dayandırıb və onların işlək olub-olmadığını yoxlayan avtomatik testlərdən keçməyib. Bəzi serverlər yenidən başladıldıqdan sonra məlumat axını artan kimi təkrar cavab verməyib. Şirkətə görə, problem istifadəçi sayının çoxluğundan yox, serverlərin sıradan çıxmasından yaranıb.
Nasazlığın təsirini azaltmaq üçün məlumat axını dünya üzrə digər sistemlərə yönəldilib. “Microsoft” bütün yeniləmələri müvəqqəti dayandırıb, əlavə trafiki problemli sistemlərdən uzaqlaşdırıb və serverləri yenidən başladıb. Bəzi ərazilərdə nasaz sistemlərə yönələn məlumat axınları da müvəqqəti məhdudlaşdırılıb. Müştərilərin bir hissəsi idarəetmə mərkəzinə daxil ola bilməyib, xidmətlərin vəziyyətini göstərən səhifə də bir müddət açılmayıb.
Problemlə bağlı bildirişlərin sayı 12 noyabr axşamı ən yüksək həddə çatıb. Həmin vaxt təkcə “Outlook” üzrə 129 500-dən çox problem qeydi daxil olub. Say 13 noyabr səhəri əvvəlcə 32 200-ə enib. Təxminən 1 saat sonra göstərici 25 000 olub, amma xidmətlər hələ də sabit işləməyib. Nasazlıqdan əvvəl belə bildirişlərin sayı adətən 10-dan az, bəzən isə 10-dan bir qədər çox olurdu.
“Microsoft” gecə saatlarında serverlərin yenidən başladılmasının yalnız az da olsa nəticə verdiyini və əlavə güc ayrıldığını açıqlayıb. Ancaq 13 noyabr səhəri edilən dəyişikliklər gözlənilən nəticəni verməyib. Şirkət server gücünü artırmaq üçün başqa üsullar axtarmağa başlayıb. Hadisənin kiberhücumla bağlı olduğuna dair hələlik heç bir əlamət yoxdur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...