Logo
    main-post-cover

    Microsoft Windows 10-da pulsuz qalmaq üçün iki variant təklif edib

    Proqram Təminatı
    25.06.2025
    Emil
         Microsoft Windows 10 üçün təhlükəsizlik yeniləmələrinin əldə olunması şərtlərini yumşaldıb və istifadəçilərdən 30$ ödəniş tələb etmə planından imtina edərək genişləndirilmiş təhlükəsizlik yeniləmələri (ESU) proqramında iki alternativ variant təklif edib: Microsoft Rewards ballarından istifadə və ya OneDrive üzərindən ehtiyat nüsxə yaratmaq. Windows 10-un rəsmi dəstəyi 14 oktyabr 2025-ci ildə başa çatacaq. Bu tarixdən sonra sistem yeni funksiyalar, xəta düzəlişləri və texniki dəstək almayacaq. Əvvəlcə Microsoft təhlükəsizlik dəstəyinin uzadılması üçün istifadəçilərdən ödəniş alacağını planlaşdırsa da, indi istifadəçilər ESU proqramına qeydiyyatdan keçərək Microsoft Rewards mükafat proqramından əldə olunan balları müxtəlif hədiyyə kartlarına dəyişə biləcəklər. Bu ballar şirkətin xidmətlərindən - məsələn, Bing axtarış sistemi və ya Edge brauzerindən istifadə etdikdə toplanır.
         Məsələn, Bing tətbiqinin quraşdırılması 500 xal qazandırır və 1000 bal təxminən 1$-a bərabərdir. İkinci variant Windows-un OneDrive üzərindən ehtiyat nüsxə yaratma funksiyasından istifadəni nəzərdə tutur. Lakin pulsuz təqdim olunan 5 GB-lıq yaddaş həcmi zəruri məlumatların saxlanması üçün kifayət etməyə bilər, buna görə də bir çox istifadəçi Microsoft 365 abunəliyinə ehtiyac duya bilər. Şirkət vurğulayır ki, hər iki üsul ESU proqramına qeydiyyat üçün əlavə və pulsuz seçimlərdir. Microsoft şərtlərin dəyişdirilməsinin səbəbini izah etməyib, lakin əvvəllər məlum olmuşdu ki, Windows 10-un dəstəyinin dayandırılması qərarı bəzi istifadəçilər, xüsusən də Windows 11-in texniki tələblərinə cavab verməyən köhnə kompüter sahibləri arasında narazılıq doğurub. Maraqlıdır ki, StatCounter-in məlumatına görə, Windows 10 hələ də ən məşhur əməliyyat sistemi olaraq qalır. Onun bazar payı 53% təşkil edir.
         Windows 11-in isə bazar payı 43%-dir. ESU proqramında iştirak üçün Microsoft sistem parametrlərində və bildirişlər şəklində görünəcək xüsusi bir “qeydiyyat bələdçisi” istifadəyə verəcək. Bu funksiyanın testlərinə iyul ayında başlanacaq, kütləvi istifadəyə isə avqust ayının ortalarında təqdim olunması planlaşdırılır. Windows Insider proqramının iştirakçıları bu funksiyaya daha tez çıxış əldə edəcəklər. Yalnız kritik təhlükəsizlik yeniləmələrini əhatə edən, lakin yeni funksiyalar və texniki dəstək təqdim etməyən ESU proqramı 15 oktyabr 2025-ci ildən 13 oktyabr 2026-cı ilədək qüvvədə olacaq. Qeyd edək ki, əvvəllər ESU proqramı yalnız korporativ müştərilər üçün əlçatan idi, lakin indi Microsoft bu proqramı ilk dəfə adi istifadəçilərə də təqdim edir. Şirkət əlavə edib ki, bu proqram uzunmüddətli həll deyil və məqsədi istifadəçilərin daha yeni Windows versiyalarına keçidini asanlaşdırmaqdır.
    Paylaş