Microsoft Windows-da uzun səhifələr üçün 3 sensor panel jesti təqdim etdi
Proqram Təminatı
24.10.2026
“Microsoft” uzun səhifələrdə hərəkəti asanlaşdırmaq üçün “Windows” noutbuklarına 3 yeni touchpad funksiyası əlavə edir. Bunlar sənəd oxuyarkən, internet səhifələrinə baxarkən və ya kod yazarkən barmağı dəfələrlə qaldırıb yenidən sürüşdürmək ehtiyacını azaldır. Yeniliklərə sürətləndirilmiş sürüşdürmə, kənardan sürüşdürmə və 1 barmaqla idarə daxildir. Hələlik onlardan yalnız biri hamı üçün açıqdır.
Sürətləndirilmiş sürüşdürmə artıq istifadəyə verilib. İstifadəçi barmağını touchpad, yəni sensor panel üzərində sürətlə hərəkət etdirəndə səhifə daha sürətli sürüşür. Beləliklə, uzun sənədin və ya internet səhifəsinin aşağı hissəsinə daha az hərəkətlə çatmaq olur. Oxşar funksiya uzun müddətdir “macOS”da var.
Kənardan sürüşdürmə funksiyasında barmaq touchpadın sərhədinə çatdıqdan sonra da səhifə hərəkət etməyə davam edir. İstifadəçinin barmağını geri çəkib sensor panelə yenidən qoymasına ehtiyac qalmır. Bu, internet səhifəsində və ya PDF sənədində sürüşdürmə zolağını basılı saxlamağa bənzəyir. Fərq ondadır ki, hər şey birbaşa touchpad üzərindən idarə olunur.
1 barmaqla sürüşdürmə ənənəvi 2 barmaq jestini rahat hesab etməyənlər üçündür. “Microsoft” bu seçimi 1 barmaqla idarəyə üstünlük verən istifadəçilərə açacaq. Kənardan sürüşdürmə və 1 barmaqla sürüşdürmə gələn həftə “Windows Insiders” iştirakçılarına çatacaq. Şirkətin sözlərinə görə, hər 3 funksiyanın daha təbii işləməsi üçün insanların cihazlardan istifadə vərdişləri araşdırılıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...