Logo
    Mozilla Firefox üçün 2 AI aləti təqdim edir: forma doldurur, səhifə izləyir

    Mozilla Firefox üçün 2 AI aləti təqdim edir: forma doldurur, səhifə izləyir

        “Mozilla” “Firefox” brauzerinin süni intellektlə işləyən “Smart Window” rejiminə yeni funksiya əlavə edir. Funksiya onlayn formaları açıq vərəqlərdəki məlumatlarla doldurur. Sistem istifadəçinin seçdiyi səhifələri oxuyur və forma üçün uyğun mətn hazırlayır. Məsələn, onlayn portfeldə və ya “LinkedIn” səhifəsində olan iş tarixçəsini vakansiya müraciətinə köçürmək olar.
        Funksiyanı sınamaq üçün ən az 4 mətn sahəsi olan formaya klikləmək lazımdır. Bundan sonra “Fill from sources” seçimi bütün açıq vərəqləri göstərir. İstifadəçi buradan mənbə kimi işlədiləcək vərəqləri seçə bilər. “Firefox” həmin məlumatlara əsasən forma üçün mətnlər hazırlayır. Hazırda funksiya yalnız mətn sahələrində işləyir. Açılan menyular və PDF sənədləri üzərində iş davam edir.
        Mətn hazırlanarkən seçilmiş səhifələrdəki məlumatlar “Google”ın “Gemini 3.1 Flash Lite” modelinə göndərilir. “Mozilla”nın digər yeniliyi səhifələrdəki dəyişiklikləri izləmək üçündür. Məsələn, satış endirimləri və ya yeni iş elanları barədə xəbər almaq olar. Bunun üçün “Smart Window” çatına “/watch” yazmaq, axtarılan dəyişikliyi təsvir etmək və izlənəcək səhifələri əlavə etmək lazımdır.
        Yoxlamalar hər gün və ya həftədə bir dəfə aparıla bilər, amma “Firefox” açıq qalmalıdır. Dəyişiklik tapılanda xəbərdarlıq alətlər panelindəki “Tasks” düyməsində görünür. İcazə verilibsə, bildiriş kompüterin masaüstünə də gəlir. 60 gün ərzində dəyişiklik aşkarlanmasa, izləmə dayanır. 90 gündən sonra tapşırıq tam ləğv olunur.
        Hər iki funksiya masaüstü kompüterlər üçün “Smart Window” beta versiyasına mərhələli şəkildə əlavə olunur. Yeniliklər ilk olaraq yalnız ABŞ və Kanadadakı istifadəçilərə açılır. “Mozilla” funksiyaları qarşıdakı aylarda başqa ölkələrə də gətirməyi planlaşdırır, amma konkret tarix açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...