Niderland dövlət kompüterləri üçün Windows əvəzinə NixOS-u seçdi
Proqram Təminatı
29.09.2026
Niderland hökuməti “Microsoft” məhsullarından və digər xarici texnologiyalardan asılılığı azaltmaq üçün “DAWO” proqramını genişləndirir. “Digitaal Autonome Werkomgeving Overheid” adlı layihənin məqsədi dövlət qurumları üçün müstəqil rəqəmsal iş mühiti yaratmaqdır. Plan yalnız əməliyyat sistemini deyil, ofis proqramlarını, bulud sistemlərini və digər vacib xidmətləri də əhatə edir. Əsas seçim açıq mənbəli “NixOS” əməliyyat sistemidir.
Bu qərarın arxasında ABŞ sanksiyalarının Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə təsiri dayanır. Sanksiyalardan sonra məhkəmənin baş prokuroru elektron poçt da daxil olmaqla “Microsoft” xidmətlərinə çıxışını itirib. Hökumət vacib sistemlərin xarici dövlətin qərarı ilə əlçatmaz qalmasını risk sayır. 2026-cı ilin aprelində keçirilən ilkin sınaqdan sonra “DAWO” üzrə işlər sürətlənib.
Layihəyə Niderlandın Daxili İşlər və Krallıq Münasibətləri Nazirliyi nəzarət edir. Texniki keçidi aparmaq üçün “SSC-ICT”, “DICTU” və “DUO-ICT” adlı 3 xidmət qurumu seçilib. Hazırda 8 bələdiyyə sınaqlara qoşulub, bəzi qurumlarda hazırlıq davam edir. Sistemin bütün dövlət qurumlarında tətbiqi bir neçə il çəkəcək. Bunun üçün müxtəlif satınalma mərhələlərindən keçmək lazım gələcək.
“NixOS” proqram paketlərini ayrı qovluqlarda saxlayır. Bu fayllar sonradan dəyişdirilə bilmir və rəqəmsal imza ilə qorunur. Beləliklə, eyni sistem quruluşunu çox sayda kompüterdə asanlıqla təkrarlamaq olur. Konfiqurasiyanın 90%-ə qədəri başqa quraşdırmaya köçürülə bilər. “NixOS” “Windows 11”in işləmədiyi bəzi köhnə kompüterlərdə də çalışır. Sistemi niderlandlı Eelco Dolstra yaradıb, “NixOS Foundation” isə Niderlandda yerləşir.
İlk keçidlərin və platformanın sabit versiyasının 2027-ci ilin sonunadək hazır olacağı gözlənilir. Ən böyük dəyişiklik hazırda dünya üzrə masaüstü kompüterlərin təxminən 63%-də işləyən “Windows” sistemi ilə bağlı olacaq. “NixOS” seçilməzdən əvvəl “openSUSE” və “Fedora” da sınaqdan keçirilib. Ofis proqramları və bulud xidmətləri üçün ayrıca variantlar qiymətləndirilir.
Niderland hökuməti Avropada hazırlanmış proqramlara üstünlük vermək istəyir. Bu çərçivədə Fransanın “La Suite” və Almaniyanın “openDesk” xidmətləri ilə əməkdaşlıq variantı nəzərdən keçirilir. Almaniyanın Şlezviq-Holşteyn əyaləti, Estoniya və Fransanın Lion şəhəri də oxşar keçidlər üzərində işləyir. Danimarka və Fransa da ABŞ proqramlarından asılılığı azaltmaq üçün dövlət sistemlərini yenidən qiymətləndirir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...