OnePlus 15 üçün ColorOS 17 yeniləməsi Hindistanda yayılmağa başlayıb
Proqram Təminatı
26.10.2026
“OnePlus” bu gündən “OnePlus 15” üçün “Android 17” əsaslı stabil “ColorOS 17” yeniləməsini yaymağa başlayıb. Paketin versiya nömrəsi CPH2745_17.0.0.102(EX01)-dir. Yeniləmə ilk mərhələdə yalnız Hindistanda yayımlanır. Şirkət iyulda uyğun cihazların bütün regionlarda “OxygenOS” sistemindən “ColorOS” sisteminə keçəcəyini təsdiqləmişdi.
“ColorOS 17” toxunuşlara uyğun işıq effektləri və animasiyalarla interfeysi daha axıcı göstərir. Bu effektlərin işləməsi üçün yeni “Luminous Rendering Engine” mühərriki hazırlanıb. Kilid ekranı, “Quick Settings” bölməsi və bildiriş paneli də yenilənib. Təkmilləşdirilmiş “Laminar Flow Engine” yaddaşa yük artanda ləngiməni azaltmalı, vacib tətbiqləri arxa planda açıq saxlamalıdır.
“Mind Pilot” xidmətindəki “Agent” rejimi foto və faylları istifadəçinin əvəzinə nizamlamaq kimi mürəkkəb işləri özü görə bilir. Yeni “OSee AI” funksiyası sənədləri skan edir. Sistemə yenilənmiş “Translate” tətbiqi də əlavə olunub. Süni intellekt videozənglərdə üz dəyişdirmə cəhdlərini, fırıldaq zənglərində isə süni yaradılmış səsləri aşkarlaya bilir.
Yeniləmədən sonra bir neçə tətbiqin səsini eyni vaxtda səsləndirmək də olur. “OnePlus” qlobal yayım planında “OnePlus 15” üçün “ColorOS 17” yeniləməsini 29 oktyabra salmışdı. Beləliklə, Hindistanda yayım bir neçə gün tez başlayıb. Şirkət digər ölkələrdəki istifadəçilərin stabil versiyanı nə vaxt alacağını hələ açıqlamayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...