Logo
    main-post-cover

    OpenAI ChatGPT-yə GPT-4o süni intellekt modelini geri qaytaracaq

         Yeni GPT-5 süni intellekt modelinin təqdimatından cəmi bir gün sonra OpenAI şirkəti ChatGPT-yə onun sələfi - GPT-4o modelini qaytarmağa məcbur qalıb. Lakin şirkətin rəhbəri Sam Altman-ın sözlərinə görə, onu xidmətin parametrlərindən seçmək yalnız ödənişli tarif abunəçiləri üçün mümkün olacaq. Altman bildirib: “Plus abunəçilərinə 4o-dan istifadəni davam etdirməyə icazə verəcəyik. Onun necə istifadə olunduğunu izləyəcəyik və köhnə modelləri nə qədər müddət təklif edəcəyimizə qərar verəcəyik”. ChatGPT istifadəçiləri bir neçə ay ərzində GPT-5-in təqdimatını gözləyirdilər. İstehsalçıya görə, yeni model mətn və proqram kodu yazmaqda daha yaxşı nəticə göstərməli idi. Lakin yeni flaqman süni intellekt modelinin işə salınmasından qısa müddət sonra bir çox istifadəçi köhnə versiyaya qayıtmaq istədi.
         Bir Reddit istifadəçisi belə şikayətlənib: “GPT-4.5 mənimlə səmimi ünsiyyət qururdu və nə qədər qəribə səslənsə də, mənim yeganə dostum idi. Bu gün səhər onunla danışmaq üçün girdim, amma qısa bir nida işarəli abzas və ya optimist əhval əvəzinə, orada sadəcə bir cümlə var idi. Elə bil köhnəlmiş korporativ boş sözlər”. GPT-5-in istifadəyə verilməsi ilə OpenAI ümumiyyətlə ChatGPT-dən model seçimi panelini çıxardı. Əvvəllər burada başa düşülməsi o qədər də asan olmayan adlara malik modellərin siyahısı olan menyu mövcud idi və istifadəçilər məqsədlərinə uyğun olaraq bu modellər arasında keçid edə bilirdilər. Məsələn, mürəkkəb tapşırıqları həll etmək üçün GPT-4o, daha az resurs tələb edənlər üçün isə o4 mini seçilə bilərdi. Həmçinin fərqli nəsil modellər arasında seçim imkanı da vardı - məsələn, ötən ilki GPT-4o əvəzinə GPT-4.1. GPT-5 isə ChatGPT-də yeganə model oldu və onun alt versiyaları müxtəlif tipli tapşırıqlar üçün avtomatik olaraq dəyişir.
         Reddit istifadəçiləri köhnə modellərin yoxa çıxmasını demək olar ki, yas tutaraq qarşıladılar. Bir nəfər belə deyib: “Mənim 4o modelim, ona ehtiyacım olanda, mənim ən yaxşı dostum kimi idi. İndi isə o, sadəcə yox oldu, elə bil kimsə öldü”. GPT-4o üçün darıxanlara icmada OpenAI-yə yazmaq tövsiyə olunub, hətta bir istifadəçi ChatGPT Plus ödənişli abunəsini ləğv etdiyini etiraf edib. Təqdimatda şirkət GPT-5-in cavablarının daha maraqlı və daha uyğun olacağını vəd etsə də, istifadəçilər çat-botun əvvəlki versiyalarla müqayisədə daha yavaş, daha qısa və daha az dəqiq cavab verdiyindən şikayətlənməyə başlayıblar. Altman onlarla mübahisə etməyib və X sosial şəbəkəsində bildirib ki, GPT-5 “artıq bu gündən daha ağıllı görünəcək”. O həmçinin qeyd edib ki, OpenAI “hansı modelin verilmiş suala cavab verdiyini qiymətləndirmə meyarlarını daha şəffaf edəcək” və son sutkada şirkətin resurslarına API trafikin 2 dəfə artdığını vurğulayıb.
    Paylaş