Logo
    main-post-cover

    OpenAI hamıya süni zəka agentlərini yaratmaq imkanını verəcək

    Proqram Təminatı
    12.03.2025
    Emil
         OpenAI şirkəti tərtibatçılar üçün süni zəka agentlərinin yaradılmasını asanlaşdıran yeni bir alət təqdim edib. Əsas yenilik burada Responses API adlı yeni interfeysdir. Bu interfeys internetdə axtarış, faylların analizi və istifadəçi adından kompüterdə tapşırıqların icrası kimi rutin proseslərin avtomatlaşdırılması üçün hazır həllər şəklində bloklardan ibarətdir. OpenAI-nin API platformasının rəhbəri Olivier Godement bildirib ki, şirkət süni zəka agentlərinin böyük potensiala malik olduğunu düşünür. Onun sözlərinə görə, OpenAI "Deep Research" və "Operator" kimi öz agentlərini inkişaf etdirməyə hazırdır, lakin müasir dünyanın mürəkkəbliyi və texnologiyaların müxtəlifliyi nəzərə alınaraq, tərtibatçılara öz unikal tapşırıqları üçün süni zəka agentləri yaratmaq imkanı verən bazaya sahib alətlər təqdim etmək istəyir.
         Responses API ChatGPT ilə eyni süni zəka modelindən istifadə edən axtarış aləti ilə təchiz olunub. GPT-4oGPT-4o mini bazasında işləyən bu alət mənbələri göstərməklə internetdən aktual məlumatları əldə etməyə və Operator modeli vasitəsilə kompüterdə tapşırıqları yerinə yetirməyə imkan verir. Bundan əlavə, fayllar üzrə axtarış funksiyası müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Məsələn, şirkətlərdə müştəri dəstəyinin avtomatlaşdırılması və ya hüquqi sənədlərin analiz edilməsi üçün yararlıdır. OpenAI eyni zamanda Agents SDK adlı yeni bir alət təqdim edib. Bu, süni zəka agentlərinin işini idarə etmək üçün nəzərdə tutulmuşdur.
         OpenAI-nin məhsul meneceri Nikunj Handa bildirib ki, Responses API ayrıca tapşırıqları yerinə yetirir, Agents SDK isə bir neçə agentin işini koordinasiya edərək daha mürəkkəb problemləri birlikdə həll etməyə imkan yaradır. Şirkətin fikrincə, bu yanaşma agentlərin idarə edilməsini asanlaşdıracaq və onların effektivliyini artıracaq. Bundan əlavə, yenilik OpenAI-nin artıq mövcud həllərini tamamlayacaq, o cümlədən istifadəçi sorğularına cavab vermək üçün nəzərdə tutulmuş Chat Completions API-ni. Bunu da qeyd edək ki, şirkət 2026-cı ilin ortalarına qədər mövcud Assistants API-ni tədricən ləğv edərək, onu yeni Responses API sistemi ilə əvəz etməyi planlaşdırır.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər