Logo
    main-post-cover

    Samsung öz smartfonlarında avtronom çalışma müddətini süni zəka vasitəsilə yüksəldəcək

    Proqram Təminatı
    06.05.2024
    Farid
         Son məlumatlara əsasən Samsung şirkəti Galaxy AI adlı süni zəka ekosisteminə daxil olan funksiyaların yenilənməsi və bu ekosistemə daxil olacaq tamamilə yeni funksiyalar üzərində çalışır. İnsayderlərin vermiş olduqları məlumata əsasən Galaxy AI çərçivəsində istifadəyə veriləcək yeni funksiyalardan biri smartfonun avtonom şəkildə çalışma müddətinin optimizasiyası ola bilər. İnsayderlər bu funksiyanın necə çalışa biləcəyi barəsində məlumat da veriblər. Onların sözlərinə əsasən sözügedən funksiya Battery AI adını əldə edə bilər.
         Məlumata əsasən bu yeni funksiya smartfonun bir dəfə şarj olunandan sonra onun performansını aşağı salmadan çalışma müddətini 5-10% yüksəldə bilər. Bunun üçün funksiya fon rejimində smartfonun resurslarını sərf edən lazımsız əməliyyatları deaktiv edəcək. Qeyd etmək lazımdır ki, smartfonların çalışma müddətlərini bu şəkildə optimizasiya edən sistem tətbiqləri çoxdan mövcuddur və onlar şirkətlər tərəfindən öz istifadəçi interfeyslərində istifadə edilir.
         Lakin bu cür tətbiqlər çox zaman mərkəzi və qrafik prosessorun çalışma tezliklərini aşağı salaraq smartfonun ümumi performansını da aşağı salırlar. Gözləntilərə əsasən Samsung-un Galaxy AI çərçivəsində istifadəyə verəcəyi Battery AI funksiyası cihazın istifadə formatını analiz edəcək və istifadəçiyə real zaman ərzində lazım olmayan fon əməliyyatlarını dayandıracaq. Battery AI funksiyasının OneUI 7 istifadəçi interfeysi tərkibində istifadəyə verilib-verilməyəcəyi bilinmir.
    Paylaş