Logo
    Samsung yuxu məşqçisi funksiyasını yenilədi: 3 günlük yuxu məlumatı yetəcək

    Samsung yuxu məşqçisi funksiyasını yenilədi: 3 günlük yuxu məlumatı yetəcək

        “Samsung” şirkəti “Samsung Health” tətbiqindəki “Sleep Coaching” funksiyasını yeniləyib. Əvvəllər funksiyanı işə salmaq üçün 1 ay ərzində ardıcıl 7 gecənin göstəriciləri lazım idi. İndi son 2 həftədən cəmi 3 günlük yuxu məlumatı kifayətdir. Funksiya “Galaxy Watch4” seriyası və daha yeni saatlarda, “Galaxy Fit3” və sonrakı modellərdə, eləcə də “Galaxy Ring”də işləyir.
        Funksiyanı qurarkən istifadəçi yuxu rejimi, gecə oyanmaları, spirtli içki və kofein qəbulu ilə bağlı sualları cavablandırmalıdır. Tətbiq insanın öz yuxusundan nə qədər razı qaldığını da soruşur. Cavablara və toplanan məlumatlara əsasən istifadəçiyə “Sleep Animal” adlı fərdi simvol verilir. Daha sonra onun məqsəd və vərdişlərinə uyğun, 4 həftədən 8 həftəyədək davam edən məşq proqramı hazırlanır.
        Proqram yuxu rejimindəki dəyişikliklərə uyğun olaraq tövsiyələri hər həftə yeniləyəcək. “Samsung Health” istifadəçinin gündəlik yuxu məmnuniyyətini izləyəcək və yerinə yetirilməli vərdişləri göstərəcək. Tövsiyələrə yatmazdan 1 saat əvvəl ekrandan uzaqlaşmaq, gec saatlarda kofein qəbul etməmək və oyandıqdan sonra açıq havada dartınma hərəkətləri etmək daxildir.
        Tətbiqə yuxunun vəziyyətini daha aydın göstərən 5 bucaqlı “Sleep Balance” qrafiki də əlavə olunub. Qrafikdə yuxu müddəti, rejimin sabitliyi və gecə oyaq qalma vaxtı göstərilir. Yuxudan məmnunluq və “Energy Score” adlı enerji göstəricisi də eyni ekranda görünür. Səhər bildirişləri ötən gecənin nəticələrini qısa şəkildə izah edəcək. Toplanan məlumatlar həftəlik və yekun hesabatlara da daxil ediləcək.
        Yeniləmə “Running Coach” funksiyasını da dəyişir və səviyyələrin sayı 10-dan 12-yə qalxır. Məşq planı əvvəlki kimi 12 dəqiqəlik qaçış sınağına və ya əvvəlki qaçış məlumatlarına əsaslanacaq. İstifadəçilər nailiyyətlərini, şəxsi rekordlarını və marşrutlarını sosial şəbəkələr üçün hazır şablonlarla paylaşa biləcəklər. “Strava Routes” ilə qaçış, cığır qaçışı və velosiped marşrutlarını birbaşa “Samsung Health” tətbiqinə köçürmək də olacaq.
        “Sleep Coaching” üçün “Samsung Health” tətbiqinin v6.24 və ya daha yeni versiyası lazımdır. Həmçinin telefonda “Android 11” və ya sonrakı sistem işləməlidir. “Running Coach” yalnız “Galaxy Watch8” seriyasından başlayaraq işləyir. Bu funksiya üçün tətbiqin v6.30.2 və ya yeni versiyası, “Android 10” sistemi və “Samsung” hesabı tələb olunur. Yeniliklər bu ay mərhələli şəkildə yayılmağa başlayacaq. Onların hansı cihazlarda və ölkələrdə açılacağı dəyişə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...