Logo
    main-post-cover

    SEO keçmişdə qalır: Saytlar süni zəkaya əsasən optimizasiyaya başlayıblar

    Proqram Təminatı
    28.04.2025
    Emil
         İri şirkətlər və reklam agentlikləri istifadəçilərin məlumatı Google vasitəsilə deyil, ChatGPT, Claude Gemini kimi çat-botlarla axtardıqları yeni reallığa fəal şəkildə uyğunlaşmağa başlayıblar. Bu vəziyyət brendləri tanıtım strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edir, çünki ənənəvi SEO artıq süni zəkaya uyğun optimizasiyaya yer verir. ProfoundBrandtech kimi texnologiya startapları böyük saytların neyron şəbəkələrin cavablarında, o cümlədən Google AI Overviews-da, adlarının nə qədər tez-tez çəkildiyini izləməyə kömək edən alətlər hazırlayıblar. Məsələn, fintex şirkəti Ramp, vakansiya aqreqatoru Indeed və viski istehsalçısı Chivas Brothers artıq bu cür xidmətlərdən istifadə edirlər.
         Financial Times-ın yazdığına görə, əsas məqsəd axtarış sistemlərində linklərə klik edən istifadəçilərin sayının azaldığı bir vaxtda milyonlarla istifadəçinin diqqətini qoruyub saxlamaqdır. "Bu, sadəcə saytın axtarış nəticələrində indeksləşdirilməsindən çox daha böyük bir şeydir. Söhbət saytınızın böyük dil modelləri tərəfindən informasiya axtarışında əsas və təsirli mənbə kimi tanınmasından gedir" - deyə Brandtech marketinq texnologiyaları qrupunun partnyoru Jack Smyth bildirib. Yeni alətlər süni zəka modelinin müəyyən bir şirkətə qarşı "mövqeyini" proqnozlaşdırmağa qadirdir - bunun üçün çat-botlara çoxsaylı mətn sorğuları göndərilir və cavabların nəticələri təhlil edilir. Daha sonra brendlərin reytinqi tərtib olunur və bu reytinq əsasında onların çat-botlarda daha çox qeyd olunması təmin edilir.
         Maraqlıdır ki, bu tendensiya marketinqdə süni zəkanın artan istifadəsi fonunda daha da güclənir. Məsələn, MetaGoogle artıq hədəfli reklam üçün öz alətlərini hazırlayırlar ki, bu da bir tərəfdən reklam agentliklərinin xidmətlərinə olan tələbatı azalda bilər, digər tərəfdən isə agentliklərə müştərilərə yeni xidmətlər təklif etmək imkanı yaradır. Bain & Company-nin araşdırması göstərib ki, istifadəçilərin 80%-i sorğularının ən azı 40%-də süni zəka cavablarına güvənir və 60% axtarış sessiyası sayt keçidləri olmadan başa çatır. Aydındır ki, orqanik axtarış trafiki azalır və bu da Google-un axtarış mühərriki biznes modeli üçün ciddi risklər yaradır. Buna baxmayaraq, Google-un ana şirkəti Alphabet yaxınlarda axtarış və reklam gəlirlərinin 10% artaraq 50.7 milyard dollara çatdığını açıqlayıb (birinci rüb üzrə).
         Perplexity şirkətinin təsisçisi Denis Yarats hesab edir ki, süni zəka ilə axtarış köklü şəkildə fərqli yanaşmaya əsaslanır: Burada böyük dil modelləri məzmunu daha dərindən təhlil edir, ziddiyyətləri aşkar edir və buna görə də saytlar kriteriyalara cavab vermək üçün maksimum keyfiyyətli və əlaqəli məzmun təqdim etməli olacaqlar. Brandtech şirkəti brendlərə süni zəka ilə axtarışda nümayiş olunmalarını analiz etməyə kömək edən Share of Model məhsulunu işə salıb, Profound startapı isə - 3.5 milyon dollar investisiya cəlb etmiş layihə - neyron şəbəkələrdəki sorğuların izlənilməsi üçün platforma təklif edir. "Ənənəvi axtarış internetdəki ən böyük monopoliyalardan biri idi, lakin indi bu qalaların divarlarında çatlar yaranır" - deyə Profound-un həmtəsisçisi James Cadwallader bildirib. "Bu anı CD-lərdən streaming-ə keçid dövrü ilə müqayisə etmək olar”.
    Paylaş