Logo
    Spotify qaçış üçün süni intellektli musiqi rejimi təqdim etdi

    Spotify qaçış üçün süni intellektli musiqi rejimi təqdim etdi

        “Spotify” iOS və Android tətbiqlərində süni intellektin köməyi ilə musiqi seçən “Running Mode” funksiyasını işə salıb. Yalnız seçilmiş bazarlardakı “Premium” abunəçiləri üçün açılan rejim qaçış məqsədinə uyğun fərdi musiqi siyahısı hazırlayır. Mahnılar məşqin tempinə və BPM göstəricisinə, yəni dəqiqədəki ritm sayına görə sıralanır. Funksiya bu ilin əvvəlində yaradılan fitnes bölməsinə əlavə olunub.
    Spotify qaçış üçün süni intellektli musiqi rejimi təqdim etdi
        2018-ci ildə dayandırılan “Spotify Running” qaçış tempini avtomatik müəyyənləşdirir və musiqini buna uyğun səsləndirirdi. “Running Mode” tempi özü ölçmür. Bunun əvəzinə, istifadəçi məşqin gedişini seçir. “Prompted Playlist” yazılan istəyə uyğun mahnılar tapır, əvvəlcədən hazırlanan intensivlik mərhələləri də məşq boyunca ritmi dəyişir. Səsli göstərişləri açmaq da olar.
        “Running Mode” funksiyasını açmaq üçün “Spotify” tətbiqində fitnes bölməsinə keçmək lazımdır. Burada “Intervals”, “Pyramids”, “Easy”, “Long” və “Advanced” məşq seçimləri var. “Intervals” sürətli qaçışla fasilələri növbələyir və hər mərhələdə musiqinin ritmini dəyişir. “Pyramids” isinmə ilə başlayır, temp tədricən ən yüksək həddə çatır, sonra isə soyuma mərhələsinə keçir.
        Sabit temp istəyənlər üçün “Easy” məşqi 20 dəqiqə ərzində 135 BPM ritmində davam edir. “Long” və “Advanced” sessiyalarında temp 45 dəqiqə boyunca 150 BPM olur. Məşqin ümumi müddətini 10-90 dəqiqə arasında dəyişmək mümkündür. “Beat Matching” funksiyası da mahnıların ritmini qaçışçının seçdiyi tempə uyğunlaşdırır.
    Spotify qaçış üçün süni intellektli musiqi rejimi təqdim etdi
        “Spotify”ın məlumatına görə, istifadəçilərin çoxu standart sayılan 160 BPM tempinə üstünlük verir. Daha sürətli ritm istəyənlər bunu 170-180 BPM-ə qaldıra bilərlər. Ayarlara vaxt sərf etmək istəməyənlər üçün 20 dəqiqəlik “Just Run” sessiyası da var. Bu seçimdə əlavə məşq və musiqi ayarları etmədən qaçışa başlamaq olur.
        İstifadəçilər pop, hiphop, EDM, kantri və rok janrlarından birini seçə bilərlər. “Running Mode” siyahıları hər gün yenilənir, bəyənilən variantları sonrakı məşqlər üçün saxlamaq olar. “View Prompt” bölməsinə istək yazaraq müəyyən dövrə, janra və ya əhvala uyğun mahnılar seçmək olur. Məşq zamanı həvəsləndirici səsli mesajları açmaq və ya tamamilə söndürmək də olar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...