The Browser Company Arc brauzerini 22 dekabrda tam bağlayacaq
Proqram Təminatı
22.10.2026
“The Browser Company” “Arc” brauzerini 22 dekabrda tam bağlayacaq. Şirkət ötən il brauzer üçün yeni funksiyalar hazırlamağı dayandırsa da, texniki dəstəyi davam etdirirdi. İndi bütün diqqət süni intellekt əsaslı “Dia” brauzerinə yönəlib. Bağlanma mərhələli olacaq və bu gündən yeni “Arc” hesabı yaratmaq olmur.
23 noyabrda “iOS” və “Android” tətbiqlərindəki “Browse for Me” funksiyası və digər süni intellekt alətləri söndürüləcək. Həmin gündən istifadəçilər hesablarına daxil ola və açıq vərəqləri cihazlar arasında sinxronlaşdıra bilməyəcəklər. Beləliklə, mobil tətbiqlərdə əsas hesab və süni intellekt funksiyaları dekabrdakı tam bağlanmadan əvvəl dayanacaq.
22 dekabrdan “Arc” brauzeri “macOS” və “Windows” sistemlərində işləməyəcək, bütün hesablar deaktiv ediləcək. “Arc Search” tətbiqinin “Android” versiyası da “Google Play” mağazasından silinəcək. İstifadəçilər məlumatlarını “Dia” brauzerinə köçürmək üçün şirkətin hazırladığı təlimatdan yararlana bilərlər. “The Browser Company” təhlükəsizlik komandası da daxil olmaqla əsas resurslarını artıq “Dia” layihəsinə yönəldib.
“Arc” brauzerində sınaqdan keçirilən bəzi ideyalar sonradan başqa brauzerlərdə də görünməyə başlayıb. Bənzər istifadə təcrübəsi axtaranlar üçün “Mozilla” şirkətinin “Gecko” sistemi əsasında işləyən “Zen” brauzeri alternativlərdən biridir. Ötən il “Atlassian” “The Browser Company” şirkətini 610 milyon dollara (təxminən 1 milyard 37 milyon manat) satın alıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...