Logo
    main-post-cover

    Tiim Cook: "Apple yenilənmiş Siri-nin hazırlanmasında irəliləyiş əldə edib"

    Proqram Təminatı
    02.05.2025
    Emil
         Bu həftə Apple 2025-ci maliyyə ilinin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İnvestorlarla söhbət zamanı Apple-ın baş direktoru Tim Cook etiraf edib ki, Siri səsli köməkçisinin süni zəka funksiyalarının keyfiyyət standartlarına cavab verməsi üçün şirkətə daha çox vaxt lazım olacaq. O, eyni zamanda bildirib ki, bu istiqamətdə artıq müəyyən uğurlar əldə olunub.
         “Siri üçün elan etdiyimiz daha fərdiləşdirilmiş funksiyalara gəldikdə isə, onların bizim yüksək keyfiyyət standartlarımıza cavab verməsi üçün işləri tamamlamağa bir qədər də vaxtımız lazımdır. Bu sahədə irəliləyiş əldə etmişik və bu funksiyaları müştərilərimizin ixtiyarına vermək fürsətini səbirsizliklə gözləyirik” - deyə Tim Cook investorlarla söhbəti zamanı bildirib. Apple 2024-cü ilin iyun ayında keçirilmiş WWDC konfransı çərçivəsində Siri səsli köməkçisinə aid fərdiləşdirilmiş süni zəka funksiyalarını təqdim etmişdi.
         Əvvəlcə bu funksiyaların iOS 18 yeniləməsinin tərkibində istifadəyə veriləcəyi planlaşdırılırdı. Lakin bu baş vermədi və daha sonra Apple bu funksiyaların hazırlanmasının gözləniləndən daha çox vaxt aparacağını etiraf etdi. İndi isə fərdiləşdirilmiş Apple Intelligence funksiyalarının iOS 19-da təqdim olunacağı ehtimal edilir. Apple-ın açıqlamalarındakı ifadələr isə istifadəçilərin bu yeni süni zəka funksiyalarını 2026-cı ilə qədər gözləməli ola biləcəyinə işarə edir.
    Mənbə: Macrumors
    Paylaş