Logo
    main-post-cover

    Windows 10-da Office tətbiqləri 2028-ci ilədək dəstəklənəcək

    Proqram Təminatı
    13.05.2025
    Emil
         Yanvar ayında Microsoft elan etmişdi ki, Windows 10 üçün Microsoft 365 tətbiqlərinin dəstəyi 14 oktyabrda - əməliyyat sisteminin rəsmi dəstəyi başa çatdığı gün dayandırılacaq. Lakin şirkət bu qərarından daşınıb və artıq Windows 10 üçün Office tətbiqlərinə daha 3 il ərzində yeniləmələr təqdim ediləcəyini vəd edib. “Windows 11-ə keçid zamanı istifadəçilərin təhlükəsizliyini qorumaq məqsədilə, Microsoft Windows 10-da Microsoft 365 tətbiqləri üçün təhlükəsizlik yeniləmələrini Windows 10-un dəstəyi bitdikdən sonra da 3 il ərzində təqdim etməyə davam edəcək. Bu yeniləmələr standart yeniləmə kanalları vasitəsilə yayımlanacaq və 10 oktyabr 2028-ci ildə başa çatacaq” - deyə Microsoft-un rəsmi dəstək saytında yenilənmiş bölmədə qeyd olunub.
         Microsoft bu 3 illik dəstək uzadılması barədə səs-küysüz şəkildə, aprel ayının sonunda administratorlar üçün nəzərdə tutulmuş sənəddə məlumat verib. Şirkət təsdiqləyib ki, Microsoft 365 tətbiqləri əvvəlki kimi işləməyə davam edəcək, lakin Windows 11-ə keçid yenə də vacibdir, çünki zamanla performans və etibarlılıqla bağlı problemlər yarana bilər. Halbuki yanvar ayında şirkətin ritorikası tamamilə fərqli idi. Microsoft-un saytında belə deyilirdi: “Microsoft 365 tətbiqlərindən istifadə etmək üçün cihazınızı Windows 11-ə yeniləməlisiniz”.
         Microsoft həm fərdi istifadəçiləri, həm də korporativ müştəriləri Windows 11-ə keçməyə təşviq edir, çünki Windows 10-un dəstəyi 14 oktyabr 2025-ci ildə sona çatacaq. Yanvar ayında keçirilmiş CES 2025 sərgisində şirkət 2025-ci ili “Windows 11 ilə PC yeniləmə ili” elan etmişdi, baxmayaraq ki, Windows 11 hələ də məşhurluq baxımından Windows 10-dan geri qalır. Windows 10 istifadəçilərinə tam ekran bildirişlər göstərilərək yeni kompüter almağın vacibliyi xatırladılır. Yeni cihaz almaq istəməyən istifadəçilər isə illik 30$ ödəməklə genişləndirilmiş dəstək abunəliyi əldə edə bilərlər. Şirkətlər üçün isə 3 ilədək əlavə yeniləmələr almaq imkanı olacaq.
    Mənbə: The Verge
    Paylaş