Logo
    main-post-cover

    Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb

         Microsoft hesab edir ki, 5 il sonra süni intellekt Windows əməliyyat sistemində əsas rol oynayacaq. Şirkət “Windows 2030 Vision” adlı video yayımlayıb və burada qeyd olunur ki, insanla əməliyyat sistemi arasında əsas ünsiyyət vasitəsi təbii danışıq olacaq - siçanla işləmək və klaviatura ilə mətn yığmaq 2030-cu ildə artıq gənc nəsil üçün DOS əməliyyat sistemində işləmək qədər yad görünəcək. Şirkətin bu fikrini korporativ idarəetmə və təhlükəsizlik məsələləri üzrə vitse-prezident David Weston ifadə edib. Onun fikrincə, artıq 5 ildən sonra süni intellekt agentləri təhlükəsizlik üzrə ekspertləri əvəzləyəcək - insanlar onlarla Teams platformasında ünsiyyət quracaq, süni intellekt iclaslarda iştirak edəcək, “ağır” işləri öz üzərinə götürəcək və insanlar digər işlərlə məşğul ola biləcəklər.
         “Düşünürəm ki, gələcəkdə gözlə daha az işləyəcək, kompüterlərlə isə daha çox danışacağıq. İnanıram ki, gələcək nəsil Windows və digər Microsoft əməliyyat sistemləri multimodal şəkildə qarşılıqlı əlaqə quracaqlar. Kompüter bizim gördüklərimizi görə, eşitdiklərimizi eşidə biləcək, biz isə onunla ünsiyyət quraraq xeyli daha mürəkkəb tapşırıqları yerinə yetirməsini xahiş edə biləcəyik” - deyə Weston bildirib. Microsoft süni intellektə 10 milyardlarla dollar investisiya qoyur və məhsullarında süni intellekt funksiyalarını genişləndirməyə davam edir - görünür, bu texnologiyaların insanlara lazım olub-olmaması barədə ciddi düşünmədən. Şirkət hələlik istifadəçiləri Copilot Plus PC ilə təchiz olunmuş noutbukların faydalı olacağına inandıra bilməyib və layihə uğursuzluqla nəticələnib. 2030-cu ildə Windows-un necə olacağına dair yayımlanmış video da YouTube platformasında bəyənmədən çox bəyənməmə ilə qarşılanıb.
    Paylaş