main-post-cover

    ABŞ-da vətəndaşlardan biri Google Maps-dəki səhv ucbatından həyatını itirib

    Servislər
    Proqram Təminatı
    22.09.2023
    Emil Nəcəfov
        ABŞ-ın Şimali Karolina ştatındakı bir ailə bir neçə gün bundan öncə Google şirkətini məhkəməyə verdi. Səbəb isə Google Maps komandasının səhlənkarlığı olub. Məsələ burasındadır ki, ailənin üzvü olmuş Philip Paxson adlı şəxs 30 sentyabr 2022-ci il tarixində avtomobil qəzası nəticəsində vəfat etmişdi. Qəzanın baş verdiyi gün axşam saatlarında o, qızının 9-cu doğum gününə həsr edilmiş şənlikdən tanımadığı ərazi vasitəsilə geri qayıdıb. Ərazini tanımadığı üçün Paxson Google Maps-dən istifadə edib.
        Tətbiq isə öz növbəsində Paxson-a 10 il bundan öncə çökmüş körpünün üzərindən hərəkət etməyi məsləhət görüb. Nəticədə Philip Paxson-un idarə etdiyi avtomobil 6 metr hündürlükdən aşağı düşüb və Paxson-un özü həyatını itirib. Qəza yerinə gəlmiş polis əməkdaşları qeyd ediblər ki, uzun illər bundan öncə çökmüş körpünün yaxınlığında heç bir xəbərdarlıq lövhəsi olmayıb. Məlum olub ki, sözügedən körpü nə yerli nə də dövlət strukturlarının tabeliyində deyil.
        Onun inşası ilə məşğul olmuş şirkət isə illər əvvəl müflis olub. Google şirkətinə qarşı qaldırılmış məhkəmə iddiasında qeyd edilib ki, şirkət körpünün çökdüyündən xəbərdar idi. Belə ki, bu barədə məlumatı şirkətə bir neçə nəfər təqdim etmişdi. Məsələn 2020-ci ilin sentyabr ayında yerli sakinlərdən biri Google Maps-də redaktənin təklif edilməsi funksiyasından istifadə edərək şirkətə məlumat vermişdi ki, tətbiq insanları çökmüş körpüyə yönəldir. Noyabr ayında isə həmin sakin elektron poçt vasitəsilə bildiriş əldə etmişdi ki, şirkət təklifi nəzərdən keçirib. Lakin göründüyü kimi Google öz xəritə tətbiqində bu çökmüş körpü ilə bağlı heç bir tədbir görməyib.
    Linki kopyala