
Apple artıq gələn ilin əvvəlində kənar tətbiq mağazalarından istifadəyə icazə verməli olacaq
Servislər
05.07.2023
Emil
Apple şirkəti 5 mart 2024-cü il tarixindən başlayaraq Avropa Birliyinin rəqəmsal bazarlar (Digital Markets Act / DMA) üzrə qanununa riayət etməli olacaq. Bu isə o deməkdir ki, şirkət öz ekosistemi daxilində istifadəçilərə kənar tətbiq mağazalarından istifadəyə və tərtibatçılara kənar ödəniş sistemlərindən istifadəyə icazə verməli olacaq. Bununla yanaşı şirkət məcbur şəkildə iMessage tətbiqinin mesajların mübadiləsi üçün nəzərdə tutulmuş digər platformalarla qarşılıqlı əlaqəsini reallaşdırmalı olacaq. Kağız üzərində bütün bunlar şirkət tərəfindən reallaşdırılmalıdır.
Lakin reallıqda hər şey bu qədər ideal olmaya bilər. DMA Avropa Birliyinin antimonopoliya qanunvericiliyinin bir hissəsidir və o, böyük texnoloji şirkətlərə istiqamətlənib. Sözügedən qanunun əsas məqsədi dominant şirkətlərin sahib olduqları bəzi üstünlükləri onlardan məhrum etməklə bazardakı şirkətlər arasında olan rəqabəti gücləndirmək və startaplar arasında rəqabəti daha da sadələşdirməkdir. DMA özündə online platformalar üçün bəzi normaları birləşdirir və həmin platformalara vasitəçi statusunu verir. Vasitəçi statusunu aşağıdakı şirkətlər əldə edirlər.
- Güclü iqtisadi vəziyyətə və Avropa Birliyinin daxili bazarında əhəmiyyətli təsirə sahib şirkətlər
- Güclü vasitəçi mövqeyinə sahib şirkətlər. Yəni çoxlu sayda müəssisəni böyük istifadəçi kütləsi ilə birləşdirən şirkətlər
- Bazarda davamlı və dözümlü mövqeyə sahib şirkətlər. Yəni ardıcıl 3 maliyyə ili ərzində yuxarıdakı iki bəndə sahib şirkətlər.
Bir neçə gün bundan öncə Avropa Birliyi bir neçə şirkətdən onların bu tələblərə uymaları üçün yetəri qədər böyük olduqlarını təsdiqləmələrini tələb etdi. Nəticədə Apple özünün vasitəçi kimi qəbul etməyə məcbur oldu. Bunu eyni zamanda Google, Microsoft, Amazon və Meta da etdi. DMA-nın qəbul edilməsindən öncə onun müzakirəsi zamanı bu qanun layihəsinin Apple şirkətinə təsir edib-etməyəcəyi ilə bağlı müəyyən qeyri-müəyyənliklər mövcud idi.
Qanunvericilərin bir hissəsi bu qanun layihəsini Facebook və Twitter kimi sosial şəbəkələrə yönləndirmişdi, digər hissəsi isə onun bütün böyük texnoloji şirkətlərə aid edilməsini tələb edirdi. 2021-ci ildə bu qanun layihəsinin maksimal dərəcədə geniş izahı təqdim olundu və nəticədə məlum oldu ki, Apple heç də yaxşı bir vəziyyətə düşməyib. Beləliklə Avropa Birliyinin məqsədlərinə uyğun olaraq DMA-nın tələblərini riayət etmək üçün Apple aşağıdakıları etməlidir.
- Tərtibatçılara kənar ödəniş sistemlərindən istifadəyə icazə vermək
- Tətbiqlərin yüklənməsi və quraşdırılması mövzusunda App Store platformasının sahib olduğu monopoliyadan imtina etmək
- iMessage tətbiqinin mesajların mübadiləsi üçün nəzərdə tutulmuş digər platformalarla qarşılıqlı əlaqəsini təmin etmək.
Bununla belə DMA-nın bu cür izahı Apple şirkətinə ondan yan keçməyə imkan verəcək bir yolu mümkün edir və Apple həmin yoldan istifadə edə bilər. Məsələ burasındadır ki, vasitəçi statusuna sahib şirkət təchizatın və əməliyyat sisteminin bütövlüyünü təmin etmək üçün mütənasib texniki və ya müqaviləli tədbirləri reallaşdırmaq hüququna sahibdir. Bundan əlavə olaraq vasitəçi statusuna sahib şirkət kənar tətbiqlərin və tətbiq mağazalarının istifadəçilərin təhlükəsizliklərinə heç bir zərər yetirməyəcəklərinə dair zəmanət vermək üçün müəyyən ayarları və tədbirləri ciddi şəkildə reallaşdırmalıdır.
Yəni nəzəri cəhətdən Apple bəyan edə bilər ki, App Store platformasının monopoliyası tərtibatçıları və müştəriləri zərərli proqram təminatlarından qorumağın yeganə üsuludur. iMessage tətbiqinə gəldikdə isə DMA-nın tələbinə əsasən Apple öz messencerini digər messencerlər üçün açıq etməlidir. Yəni iMessage vasitəsilə istifadəçi digər messencerlərə mesajların göndərilməsi imkanına sahib olmalıdır. Bu tələbin əsas məqsədi bazarda istifadəyə verilən yeni messencerlərin startlarının uğurlu olmalarında yardımçı olmaqdır. Belə ki, çoxlu sayda istifadəçi kütləsinə sahib olmayan messencerdən əksər insanlar yararlanmağa tələsmirlər.
Lakin bu mövzuda da DMA-nın geniş izahı bir qədər zəif olur. DMA faktiki olaraq Apple və ona bənzər digər şirkətlərin öz tətbiqlərinin texniki özəlliklərini təqdim etmələrini tələb edir. Bu cür tələb isə öz növbəsində məlumatların yüksək səviyyədə qorunmasına təsir göstərəcəyi fikri ilə məhkəmə prosesi çərçivəsində ləğv edilə bilər. Mütəxəssislərin fikirlərinə əsasən DMA-nın qüvvəyə minməsindən sonra hadisələr aşağıdakı kimi cərəyan edəcək.
- Apple App Store platforması çərçivəsində kənar ödəniş sistemlərindən istifadəyə icazə verəcək
- Şirkət iMessage-in digər messencerlərlə uyğunlaşması mövzusunda ətraflı, lakin lazımsız texniki dokumentasiyanı təqdim edəcək
- Şirkət ilkin mərhələdə kənar tətbiq mağazaları barəsində olan tələbi göz ardı edəcək
- Kənar tətbiq mağazaları mövzusunda narazılıqların baş olacağı halda Apple özəl məlumatların konfidensiallıqlarına ola biləcək təhlükəni arqument kimi istifadə edəcək
- Avropa Birliyi bu halda məhkəməyə müraciət edəcək
- Məsələnin apellyasiya məhkəməsinə çatması üçün illər keçəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
