main-post-cover

    Bing-də süni zəka əsaslı çat-bot istifadəyə veriləndən sonra Google Search istifadəçi kütləsinin 1%-ni itirib

    Proqram Təminatı
    Servislər
    26.03.2023
    Emil Nəcəfov
        OpenAI şirkətinin süni zəka texnologiyalarının Microsoft-un Bing axtarış sisteminə inteqrasiya edilməsi öz növbəsində insanların sözügedən axtarış sisteminə fərqli tərzdə nəzər yetirmələrinə səbəb oldu. OpenAI ilə sıx əməkdaşlıq Microsoft-a axtarış sistemləri bazarında lider olan Google ilə rəqabət aparmağa imkan verir. Similarweb adlı analitik şirkətin məlumatına əsasən yenilənmiş Bing son zamanlarda özünə daha çox istifadəçini cəlb edir. Məlumata əsasən süni zəka əsaslı funksiyalara sahib yenilənmiş Bing-in 7 fevral tarixində istifadəyə verilməsindən sonra axtarış sisteminin istifadəçi kütləsi 15.8% yüksəlib. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu müddət ərzində Google Search-də edilən axtarışların sayı 1% azalıb.
        Bu, hal hazırda generativ süni zəka sistemləri bazarında cərəyan edən yarışda Microsoft-un irəli gedəcəyini əks etdirən ilk sübutdur. Şirkət buna ChatGPT çat-botunun əsasında olan texnologiyanın hesabına nail olur. Beləliklə Microsoft hal hazırda 120 milyard dollar dəyərə sahib axtarış sistemləri bazarının qazanılması üçün qızğın mübarizə aparır. Google onilliklər ərzində 80%-lik bazar payı sayəsində bu bazarın lideridir. Mütəxəssislərin sözlərinə əsasən yenilənmiş Bing yaxın aylar ərzində öz istifadəçi kültəsini daha da genişləndirəcək. Google şirkəti öz axtarış sisteminə süni zəka əsaslı funksiyaların əlavə edilməsi prosesini ləngitdiyi halda Bing-in istifadəçi kütləsi daha sürətlə artmağa davam edəcək.
        Bing artıq dünyanın bir çox istifadəçisi üçün istifadəyə verilib. Google isə özünün Bard adlı süni zəka əsaslı çat-botunu hələ məhdud sayda istifadəçi arasında aktivləşdirməyə başlayıb. Bing axtarış sistemləri bazarında 10%-dən aşağı bazar payına sahibdir. Buna görə də Bing-in bu sahədə əlavə 1-2% bazar payına sahib olması Microsoft-un bu bazarda gəlirlərinin artması mənasına gələcək. Reuters-in verdiyi məlumata əsasən Bing daxilində süni zəka əsaslı çat-botun istifadəyə verilməsindən sonra axtarış sisteminin mobil tətbiqinin yüklənmə statistikası bütün dünya üzrə 8 dəfə yüksəlib. Bununla belə analitiklər əmindirlər ki, 2000-ci illərdə axtarış servisləri bazarında Yahoo-nu lider mövqeyindən məhrum etmiş Google şirkəti son zamanlarda olan tendensiyanın öhdəsindən gələcək və lider mövqeyini qoruyub saxlayacaq.
    Linki kopyala