
ChatGPT-nın Plus adlı pullu versiyası rəsmi şəkildə istifadəyə verilib
Servislər
02.02.2023
Emil
Son zamanlarda böyük səs-küyə səbəb olmuş süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyası ortaya çıxıb. Sözügedən çat-botun yaradıcısı olan OpenAI şirkəti ChatGPT Plus adlı tarif planını istifadəyə verib. Aylıq qiyməti 20$ olan ChatGPT Plus istifadəçilərə daha geniş imkanlar təqdim edir. Qeyd etmək lazımdır ki, ChatGPT Plus-ın istifadəyə verilməsinə baxmayaraq istifadəçilər çat-botun adi pulsuz versiyasından da istifadə etməyə davam edə bilərlər. Lakin ChatGPT Plus istifadəçiləri üçün əlavə imkanlar təqdim ediləcək. OpenAI bildirib ki, çat-botun pullu versiyasının istifadəçiləri ondan hətta pik vaxtlarda da istifadə edə biləcəklər.

Bundan əlavə olaraq çat-bot həmin istifadəçilərə cavabları daha sürətli şəkildə təqdim edəcək. ChatGPT-da reallaşdırılacaq yeni funksiyaları isə ilk öncə məhz ChatGPT Plus istifadəçiləri əldə edəcəklər. Məlumatda qeyd edilib ki, ChatGPT Plus ilk öncə ABŞ-dakı istifadəçilər üçün aktivləşdirilib. OpenAI həmçinin digər ölkələrdən olan istifadəçiləri də ChatGPT Plus-a cəlb etməyi planlaşdırır. Şirkət bildirib ki, ChatGPT Plus öz növbəsində çat-botun adi versiyasını daha çox istifadəçi üçün pulsuz şəkildə saxlanmasına təkan verəcək. Şirkət həmçinin daha ucuz qiymətə başa gələcək tarif planlarının da istifadəyə verilməsini nəzərdən keçirdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
