
Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində Bard adlı süni zəka əsaslı çat-botunun irimiqyaslı şəkildə istifadəyə verildiyini elan edib. Bugündən başlayaraq Bard dünyanın 180 ölkəsində hamı üçün aktivləşdirilir. Lakin buna baxmayaraq çat-bot hələ də test rejimində çalışacaq. İndiyənə kimi Bard yalnız ingilis dilini dəstəkləyirdi. Lakin çat-bota artıq yapon və koreya dillərinin dəstəyi də əlavə edilib. Yaxın zamanda isə şirkət çat-bota 40 dil dəstəyini də əlavə edəcək. Çat-bot müxtəlif dillərdə olan sualları başa düşməklə yanaşı cavabları da müxtəlif dillərdə təqdim edə biləcək. Məlumatda qeyd edilib ki, Google Bard əlavə olaraq 20 proqramlaşdırma dilini də bilir.
Çat-bot proqram təminatı kodundakı konkret sətrin mənasını başa düşür, koddakı səhvləri aşkar edir və aşkar edilmiş səhvləri düzəldə bilir. Google həmçinin bildirib ki, Bard yaxın zamanda yeni funksiyalar əldə edəcək. Belə ki, çat-bot öz cavablarında vizual elementlərdən daha çox istifadə edəcək. Məsələn siz ondan hansısa şəhərdə gəzməli və görməli yerləri soruşduqda çat-bot cavablarla yanaşı fotoları da təqdim edəcək. Şirkət Bard-ı birbaşa Google Lens-ə inteqrasiya edib. Məsələn istifadəçi Google Lens-ə öz itlərinin əks olunduqları fotonu yükləyərək Bard-dan fotoya gülməli başlığın yazılmasını istəyə bilər. Bard isə öz növbəsində Google Lens-dən istifadə edərək fotonu analiz edəcək və itlərin cinslərini təyin edərək bir neçə kreativ başlıq variantnı tərtib edəcək.
Yaxın zamanda çat-bota eksport düyməsi əlavə ediləcək. Google şirkətinin məlumatlarına əsasən Colab-a eksport funksiyası tərtibatçıların ürəyincə olub. Buna görə də yaxın zamanda Bard-a Python-dan başlayaraq Replit vasitəsilə kodların eksportu və işə salınması funksiyası əlavə ediləcək. İnsanların əksəriyyəti məktubların və sənədlərin tərtib edilməsi məsələsində Bard-dan yardım istədiyi üçün şirkət çat-bota artıq iki eksport funksiyasını əlavə edib. Onlar Bard tərəfindən tərtib edilmiş kontentləri Gmail-ə və Google Documents-ə köçürməyə imkan verirlər. Bununla yanaşı Bard şirkətin kənar partnyorlarının əlavələri vasitəsilə internetdəki müxtəlif servislərə də qoşula biləcək. Məsələn yaxın aylar ərzində çat-bot Adobe şirkətinin Firefly adlı generativ süni zəka sisteminə qoşulacaq. İstifadəçilər Bard-dan hansısa fotonun tərtib edilməsini istədikləri zaman çat-bot Adobe Firefly sistemi vasitəsilə tələb olunan fotonu tərtib edə biləcək.