
Google şirkəti süni zəka sistemləri və uzunmüddətli perspektivdə yaxşı nəticələr sərgiləyəcək layihələr üzrə peşəkar şirkət hesab edilir. OpenAI şirkətinin süni zəka saslı ChatGPT çat-botunu təqdim edərək generativ süni zəka sistemləri sahəsində Google şirkətini qabaqlasa da, Google öz dil modelinin daha geniş miqyasda inteqrasiyası vasitəsilə bu sahədə liderliyi əldə etməyi planlaşdırır. Google şirkəti potensial olaraq axtarış sistemləri sahəsində ona meydan oxuya biləcək bu texnologiyanın nə dərəcədə perspektiv olduğunu anlayır. Bununla belə hal hazırda vəziyyət Google üçün daha təhlükəlidir. Belə ki, OpenAI ilə Microsoft sıx əməkdaşlıq rejimində çalışırlar.
Microsoft isə öz növbəsində OpenAI şirkətinə külli midarda investisiyalar yatırmaqla onun əsas investoruna çevrilib. Bundan əlavə olaraq Microsoft süni zəka əsaslı ChatGPT çat-botunu artıq öz məhsullarına inteqrasiya edir. Google şirkətinin keçmiş və indiki əməkdaşlarının verdikləri məlumata əsasən ChatGPT-nin reallaşdırdığı dəyişikliklər Google şirkətini narahat etməyə bilməz. Məlumdur ki, bu cür vəziyyət ona gətirib çıxarıb ki, şirkətin CEO-su olan Sundar Pichai hər bir konkret məhsulun detallarını anlamağa məcburdur. Hətta Google şirkətinin təsisçiləri Larry Page ilə Sergey Brin də şirkətə çalışmağa geri qayıdıblar.
Qeyd etmək lazımdır ki, Sundar Pichai süni zəkanı hələ 2016-cı ildə Google şirkətinin prioritetli istiqaməti adlandırmışdı.Şirkət artıq öz reklam biznesində, Gmail-də və digər məhsullarında süni zəka texnologiyalarından istifadə edir. Bəzilərinin fikirlərinə əsasən OpenAI yatmış “şir”i oyandırıb. Məsələ burasındadır ki, ChatGPT kimi texnologiyaların inkişaf etməsi öz növbəsində Google şirkətinin kommersiya maraqlarına zərər yetirə bilər. Böyük ehtimal ilə şirkət axtarış sorğularında çoxlu sayda linklər əvəzinə konkret dəqiq cavablar verən sistemin inteqrasiyasında maraqlı deyil. Lakin bu məsələdə Google şirkətinin seçim şansı qalmır. Artıq bir çox şirkət sözügedən sahədə irəli getmək istəklərini sərgiləyib.
Şərh yoxdur