main-post-cover

    Google Youtube Shorts videoları üçün mətnli təsvirlər tərtib edən neyron şəbəkəsini işə salıb

    Proqram Təminatı
    Servislər
    25.05.2023
    Emil Nəcəfov
        Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind adlı komandası öz yeni layihəsindən danışıb. Söhbət, Flamingo adlı vizual dil modelindən gedir. Sözügedən dil modeli Youtube Shorts qısa videoları üçün mətnli təsvirlərin tərtib edilməsinə istiqamətlənib. Qeyd etmək lazımdır ki, Youtube Shorts videoları çox zaman hansısa mətnli təsvirdən və ya başlıqdan məhrum olurlar. Buna görə də onların axtarışını reallaşdırmaq çətinləşir. Flamingo adlı vizual dil modeli isə bu problemi aradan qaldırmaq üçün nəzərdə tutulub. Sözügedən vizual dil modeli qısa videoların ilkin kadrlarını analiz edərək həmin kadrlarda nələrin baş verdiyini anlamaqla onlar üçün mətnli təsvirlər tərtib edir.
        Tərtib edilən mətnli təsvirlər metaməlumatlar şəklində saxlanılır. Bunun sayəsində videoları təsnif etmək və istifadəçi sorğuları ilə sorğu nəticələrini müqayisə etmək olar. Flamingo Youtube Shorts-a xas olan problemi aradan qaldırmaq üçündür. Videoların müəllifləri çox zaman öz videoları üçün metaməlumatlara o qədər də ciddi fikir vermirlər. Youtube Shorts videolarına isə platformanın daha çox ana səhifəsində baxıldığı üçün onların axtarış prosesi qəlizləşir.
        Flamingo tərəfindən tərtib edilən mətnli təsvirlər nə istifadəçilər nə də videoların müəllifləri tərəfindən görülmür. Bununla belə tərtib edilən mətnli təsvirlər Google məhsullarının etik normalarına uyğun gəlirlər. Flamingo artıq Youtube daxilində işə salınıb və o, bütün yeni Shorts videoları üçün mətnli təsvirlərin tərtib edilməsi ilə məşğul olur. Hətta Youtube Shorts-da artıq mövcud olan videolar üçün də mətnli təsvirlər tərtib edilir. Youtube təmsilçilərinin sözlərinə əsasən Flamingo-nun Youtube-dakı uzun xronometraja sahib videolarda da istifadə ediləcəyi istisna deyil.
    Linki kopyala