
OpenAI ChatGPT-nin iOS üçün tətbiqini hazırlayacaq
OpenAI şirkəti öz saytında təcrübəli iOS tərtibatçı axtardığını elan edib. Məlumatda qeyd edilib ki, işə götürüləcək iOS tərtibatçının əsas vəzifəsi süni zəka əsaslı ChatGPT çat-botunun Apple smartfonları üçün nəzərdə tutulmuş versiyasının hazırlanması olacaq. Görünür, söhbət, çat-botun mobil cihazlar üçün nəzərdə tutulmuş tətbiqindən gedir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə OpenAI bildirmişdi ki, o, çat-botun mobil versiyasını istifadəyə verməyi planlaşdırır.
ChatGPT-nin mobil tətbiqin ilk versiyasının hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir. Ümumiyyətlə mobil tətbiqin test versiyasının olub-olmayacağı da məlum deyil. Lakin OpenAI şirkətinin saytındakı məlumatlardan belə qənaətə gəlmək olar ki, şirkət öz məşhur çat-botunun həmçinin watchOS və macOS versiyalarını da hazırlamağı nəzərdən keçirdir.
Hər halda şirkət tərtibatçı axtarışında bu əməliyyat sistemlərinin bilinməsini də tələb edir. Heç istisna deyil ki, şirkət ChatGPT-nin Android cihazlar üçün nəzərdə tutulmuş tətbiqini də istifadəyə verəcək. Süni zəka əsaslı çat-botun istifadəçilər arasında çox məşhur və bütün dünyada Android-in ən geniş yayılmış mobil əməliyyat sistemi olduğunu nəzərə alsaq, ChatGPT-nin mobil tətbiqin həmçinin Android-də də istifadəyə verilməsi sadəcə zaman məsələsidir.
Paylaş
Bənzər xəbərlər