Logo
    main-post-cover

    Süni zəka əsaslı çat-bota sahib yenilənmiş Bing axtarış sistemi ilə Edge brauzeri təqdim edilib (VİDEO)

    Servislər
    09.02.2023
    Emil
        Microsoft şirkəti keçirtmiş olduğu xüsusi tədbir çərçivəsində özünün Bing axtarış sisteminə və Edge brauzerinə süni zəka əsaslı ChatGPT çat-botunun təməlini təşkil edən neyron şəbəkəsi əsasında yeni funksiyaların inteqrasiya edildiyini elan edib. Şirkət bildirib ki, yenilənmiş Bing axtarış sistemi ilə Edge brauzeri veb səhifələrin baxılması və internet üzərindən axtarış prosesində istifadəçilərə tamamilə yeni təcrübələr təklif edəcək. Təqdimat zamanı Microsoft bildirib ki, internet üzərindən axtarış üsulu artıq 20 ilə yaxındır ki, heç dəyişilməyib və axtarış sorğularının təqribi olaraq yarısı istifadəçiləri lazımi məlumatlara yönləndirə bilmir. Şirkət əmindir ki, danışıq formatında çalışan süni zəka sisteminin istifadəyə verilməsi bu vəziyyəti dəyişəcək və istifadəçilər onun sayəsində lazımlı məlumatları sürətlə tapa biləcəklər. Yenilənmiş Bing axtarış sistemi intellektual çat-bot funksiyasını əldə edib.
        İstifadəçilər ona təbii dildə suallar verə bilərlər. Çat-bot isə öz növbəsində istifadəçiləri maraqlandıran suallara lazımi cavabları təqdim edəcək. Sözügedən funksiyanın təməlini OpenAI şirkətinin GPT 3.5 adlı dil modelinin təkmilləşdirilmiş versiyası təşkil edir. Qeyd etmək lazımdır ki, keçən ilin noyabr ayınn sonunda istifadəyə verilmiş ChatGPT çat-botu məhz GPT 3.5 dil modelinin əsasında çalışır. Beləliklə Bing axtarış sisteminə inteqrasiya edilmiş çat-bot bu dil modelinin daha təkmilləşdirilmiş versiyasına sahibdir. Microsoft təkmilləşdirilmiş dil modelini Prometheus Model adlandırır. Bu alqoritm GPT 3.5-dən daha güclüdür və onu istifadə edən axtarış sistemi lazımi məlumatı sürətlə tapa və istifadəçi tərəfindən verilmiş suallara ətraflı cavablar verə bilir. Təqdimat çərçivəsində şirkət yenilənmiş Bing-i sərgiləyib.
        Fotolardan birində görmək olar ki, axtarış sistemində bu və ya digər mövzu ətrafında axtarış aparan zaman sistem ənənəvi axtarış nəticələrinin yanında alqoritm tərəfindən tərtib edilmiş əlavə məlumatları təqdim edir. Bununla yanaşı Bing-ə inteqrasiya edilmiş alqoritm məlumatları və ya cavabları təqdim edən zaman onların formalaşmasında istifadə edilmiş mənbələri də qeyd edir. Yenilənmiş Bing-dən əlavə olaraq Microsoft Edge brauzeri üçün nəzərdə tutulmuş süni zəka əsaslı iki yeni funksiyanı da təqdim edib. Söhbət, chat compose adlı funksiyalardan gedir. Sözügedən funksiyalar brauzerin yan panelində ortaya çıxacaqlar. Chat funksiyası istifadəçi tərəfindən baxılan veb səhifənin və ya sənədin ümumiləşdirilməsinə imkan verəcək. Bununla yanaşı istifadəçi sözügedən funksiya vasitəsilə sənəd və ya veb səhifə daxilindəki mətnin tərkibi üzrə çat-bota suallar verə bilər.
        Compose funksiyası isə mesajların tərtib edilməsi üçün nəzərdə tutulmuş köməkçi rolunu oynayır. Buna misal olaraq elektron məktublar və ya sosial şəbəkələrdəki paylaşımlar üçün mətnlərin tərtib edilməsini gətirmək olar. Bununla yanaşı compose funksiyası bir neçə ilkin sorğu əsasında mətnin tərtib ediməsini də reallaşdırır. Yenilənmiş Bing artıq məhdud istifadəçi arasında istifadəyə verilib. Lakin yaxın zaman ərzində o, daha çox istifadəçi üçün aktiv olacaq. Microsoft gələcəkdə onun mobil versiyasını da istifadəyə verməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, istifadəçilər yenilənmiş Bing-də 1000 simvola yaxın sorğular yerləşdirə bilərlər. Bununla belə ilkin mərhələdə istifadəçilər məhdud sayda sorğular göndərə biləcəklər. Lakin şirkət qeyd edib ki, Bing sisteminin tətbiqini kompüterə yükləmiş istifadəçilər yenilənmimş axtarış sistemindən istifadə məsələsində daha böyük prioritetə sahib olacaqlar.
    Paylaş
    Bənzər xəbərlər