main-post-cover

    Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər göndərəcək

    Sosial Media
    12.10.2021
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşanmışdı. Qlobal çöküş səbəbilə Facebook, Instagram, Whatsapp Messenger platformaları 6 saat ərzində çalışmırdılar. İndi isə Instagram rəsmi şəkildə bildirib ki, o, istifadəçiləri ola biləcək problemlər barəsində məlumatlandırmaq üçün xüsusi bildirişlər üzərində çalışır. Sözügedən bildirişlər digər bildirişlərlə birlikdə istifadəçinin aktivlik səhifəsində ortaya çıxacaq. Bu bildirişlər servisin işində yaranmış hər hansı problem barəsində istifadəçini məlumatlandırmaq üçün nəzərdə tutulacaqlar. Həmin problemlərə misal olaraq Story bölməsinin çalışmamasını və ya bir neçə müddət bundan öncə olmuş qlobal çöküşü gətirmək olar.
        Qeyd etmək lazımdır ki, Instagram hər bir problem barəsində istifadəçiyə məlumat verməyəcək. Söhbət, yalnız irimiqyaslı problemlərdən gedir. Bu cür tədbirin görülməsi anlaşılandır. Belə ki, Facebook və ona məxsus olan servislərin istifadəçi kütləsinin müəyyən hissəsi son irimiqyaslı problem nəticəsində Telegram, Twitter və s. rəqib platformalara keçid ediblər. Bundan əlavə olaraq Instagram “Account Status” adlı yeni bölməni də təqdim edib. Bu bölmədə istifadəçinin hesabı barəsində ümumi vəziyyət əks olunacaq. İstifadəçinin müəyyən paylaşımlarının məcburi silinmələri və ya servis qaydalarının pozulması səbəbilə istifadəçi hesabının bloklanması xəbərdarlığı məhz bu bölmədə əks olunacaq.
    Linki kopyala