Logo
    main-post-cover

    ABŞ-də TikTok-un silinmə sayı 150 faiz artıb

         Technote.az “Engadget” platformasına istinadən bildirir ki, TikTok-un ABŞ-də yeni yaradılmış strukturu fəaliyyətə problemsiz başlaya bilməyib. Son həftələrdə tətbiqin tövsiyə alqoritmində, baxış saylarında və ümumi funksionallığında yaranan texniki problemlər istifadəçilərin ciddi narazılığına səbəb olub. Nəticədə bir çox insan TikTok-u silərək alternativ platformalara yönəlir.
         Analitik şirkət Sensor Tower-in CNBC-yə verdiyi məlumata görə, son üç ayla müqayisədə ABŞ-də TikTok tətbiqinin silinmə sayı 150 faiz artıb. Eyni dövrdə TikTok-un gündəlik aktiv istifadəçi sayı cəmi 2 faiz yüksəlib və həftəlik göstəricilər demək olar ki, dəyişməyib.
         TikTok problemlərin səbəbi kimi məlumat mərkəzlərindən birində baş verən elektrik kəsintisini göstərsə də, bu nasazlığın alqoritmin köklü şəkildə dəyişməsinə və video baxışlarının kəskin azalmasına necə təsir etdiyini izah etməyib. Həmçinin problemin nə vaxt həll olunacağı ilə bağlı dəqiq tarix də açıqlanmayıb.
         Bu proses fonunda müstəqil sosial media tətbiqi UpScrolled sürətlə populyarlıq qazanmağa başlayıb. Hazırda tətbiq ABŞ App Store-da ən çox yüklənən 9-cu, sosial şəbəkələr arasında isə 2-ci yerdə qərarlaşıb. UpScrolled eyni zamanda Böyük Britaniya və Avstraliyada da ilk beşliyə daxil olub.
    Paylaş