ABŞ məhkəməsi X-in rəqibinə Twitter adını hələlik qadağan etdi
Sosial Media
04.09.2026
ABŞ-nin Delaver ştatındakı federal məhkəmə “X” ilə ona rəqib sosial şəbəkə yaratmaq istəyən “Operation Bluebird” arasındakı ticarət nişanı mübahisəsi üzrə ilkin qərarını açıqlayıb. Məhkəmə startapa “Twitter” adından istifadəni qadağan edib. Lakin hakim “tweet” sözünün və “Twitter”in quş loqosunun “X” tərəfindən istifadədən çıxarılmış ola biləcəyini qəbul edib. Buna görə startapın bu 2 nişandan istifadəsi hələlik dayandırılmayıb.
Virciniyada yaradılan startap əvvəlcə “Twitter.now” adı ilə fəaliyyətə başlamışdı. Qadağadan sonra saytın adı “Tweet.app” olaraq dəyişdirilib və platforma ictimaiyyətə açılıb. Şirkətin açıqlamasına görə, təqdimatdan əvvəl platformada istifadəçi adı almaq üçün müraciət edənlərin sayı 172 000 həddini keçib. Qoşulma haqqı 20 dollar (təxminən 34 manat) müəyyənləşdirilib. Bu məbləğə istifadəçi adının rezervasiyası da daxildir.
“X” məhkəmədən rəqib startapın “Twitter”lə bağlı bütün nişanlardan istifadəsini müvəqqəti dayandırmağı istəmişdi. Hakim Kolm F. Konnolli 8 ticarət nişanı ilə bağlı tələbi qəbul edib. “Tweet” nişanı və quş loqosu üzrə tələb isə rədd olunub. Hakimin fikrincə, startap “X”in bu 2 nişandan istifadəni həqiqətən dayandırdığını və gələcəkdə onları yenidən işlətmək niyyətində olmadığını sübut edə bilər.
Bu qərar yekun deyil və məhkəmə prosesi davam edəcək. Növbəti mərhələdə “Twitter” adının “X”lə əvəzlənməsindən sonra şirkətin köhnə nişanlar üzərində hüquqlarının qalıb-qalmadığı araşdırılacaq. Hələlik startap “Twitter” adını işlədə bilməz. Ancaq “tweet” sözündən və quş loqosundan istifadə edə bilər. Bu imkanın daimi olub-olmayacağı yekun qərardan sonra məlum olacaq.
Layihənin qurucusu İllinoysda çalışan hüquqşünas Maykl Peroffdur. Komandada əvvəllər “Twitter”in ticarət nişanları üzrə hüquqşünası olmuş Stiven Kouts da yer alır. O, hazırda “Operation Bluebird”in prezidentidir. Startap “Twitter” adının “X”lə əvəzlənməsi zamanı istifadədən çıxarılan nişanları geri qaytarmaq istədiyini açıq şəkildə bildirir. “Tweet.app” hazırda ilkin sınaq mərhələsində istifadəçiləri qəbul edir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...