ABŞ TikTok razılaşmasından 10 milyard dollarlıq ödəniş əldə edə bilər
Sosial Media
16.03.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Donald Trump administrasiyasının TikTok razılaşması çərçivəsində təxminən 10 milyard dollar həcmində ödəniş topladığı iddia olunur. The Wall Street Journal və The New York Times nəşrlərinə danışan mənbələrin sözlərinə görə, bu məbləğ ABŞ hökumətinin razılaşmada vasitəçi roluna görə əldə etdiyi “komissiya” kimi qiymətləndirilir.
Məlumatlara əsasən, ödəniş yeni investorlar, o cümlədən Oracle və Silver Lake tərəfindən həyata keçirilir. Bildirilir ki, razılaşma yanvarın 22-də bağlandıqdan sonra artıq 2,5 milyard dollar ABŞ Xəzinədarlığına köçürülüb, qalan məbləğ isə mərhələli şəkildə ödəniləcək.
Donald Trump hələ sentyabr ayında ABŞ-nin TikTok müqaviləsindən “çox böyük bir ödəniş” əldə edəcəyini bildirmişdi. İndi isə ortaya çıxan məlumatlar həmin məbləğin təxminən 10 milyard dollar civarında ola biləcəyini göstərir.
Analitiklər bunu hökumətin özəl biznes proseslərinə qeyri-adi səviyyədə müdaxiləsinin növbəti nümunəsi kimi qiymətləndirirlər. Son dövrdə administrasiyanın Intel-də 10 faiz pay əldə etməsi, US Steel şirkətində “qızıl səhm” mexanizmi və Nvidia-nın Çinə çip satışlarından 20 faiz pay alınması kimi addımlar da oxşar müzakirələrə səbəb olmuşdu.
TikTok razılaşması həm də Oracle şirkətinin həmtəsisçisi və texnologiya direktoru, eyni zamanda Trump-ın əsas tərəfdarlarından biri olan Larri Ellisonun iştirakı səbəbilə diqqət çəkir. Əgər yayılan məlumatlar doğru çıxarsa, 10 milyard dollarlıq ödəniş ümumi dəyəri 14 milyard dollar olan razılaşmanın 70 faizindən çoxuna bərabər olacaq.
Paylaş