Alimlər influencer strategiyası ilə saxta məlumatlara qarşı çıxır
Sosial Media
17.02.2026
Ilhama
Technote.az “Nature” platformasına istinadən bildirir ki, sosial mediada iqlim dəyişikliyinin inkarı və müxtəlif “wellness” adı altında yayılan psevdotibbi iddialar sürətlə artdığı bir dövrdə, alimlər və tibbi ekspertlər də eyni platformalarda aktiv şəkildə mübarizəyə qoşulublar.
Məsələn, fizika üzrə alim Simon Clark TikTok-da yayımladığı məşhur videolarından birində əvvəlcə özünü iqlim dəyişikliklərini inkar edən bir “influencer” kimi təqdim edir və “Bərpa olunan enerji fırıldaqdır!” deyə iddia edir. Ardınca isə öz real kimliyi ilə stratosfer dinamikası üzrə fəlsəfə doktoru kimi həmin mifləri qrafiklər və elmi faktlarla təkzib edir. Onun bu videosu yüz minlərlə baxış toplayıb. Clark illər əvvəl YouTube-da fəaliyyətə başlayıb və hazırda Instagram, Facebook və Twitch kimi platformalarda da aktivdir. O, sosial şəbəkələrdə auditoriyanın diqqətini cəlb etmək və yanlış məlumatlara faktlarla cavab vermək üçün influencer strategiyalarından istifadə edir. Onun sözlərinə görə, sosial media alqoritmləri üçün ən vacib amil videonun nə qədər müzakirə doğurmasıdır.
2025-ci ildə Reuters İnstitutu və Oksford Universitetinin hesabatına əsasən, dünya üzrə insanların 65 %-i xəbərləri sosial mediada video formatında izləyir. Xüsusilə gənclər informasiyanı əsasən bu platformalardan əldə edir. Problem ondadır ki, bu məzmunun əhəmiyyətli hissəsi anti-elm influencerlər tərəfindən hazırlanır və iqlim inkarı, konspiroloji nəzəriyyələr, vaksinlə bağlı miflər və saxta müalicə üsulları kimi mövzuları təşviq edir. Araşdırmalar göstərir ki, məsələn, Instagram və TikTok-da yayımlanan tibbi skrininq testləri ilə bağlı paylaşımların böyük hissəsi yanıltıcıdır və müəlliflərin bəzən maliyyə maraqları olur. Diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DEHB) ilə bağlı ən populyar 100 TikTok videosunun yarısından çoxu isə yanlış məlumatlar ehtiva edib və ümumilikdə 280 milyondan çox baxış toplayıb.
Bu vəziyyətə cavab olaraq, sağlamlıq və elm sahəsində fəaliyyət göstərən mütəxəssislər auditoriya qurmaq üçün eyni üsullardan istifadə etməyə başlayıblar. Məsələn, qeydiyyatdan keçmiş dietoloq Megan Rossi xəstələrinin internetdən aldıqları yanlış qidalanma məsləhətlərindən narahat olaraq öz Instagram səhifəsini yaradıb. O, bağırsaq sağlamlığı, lif qəbulu, yuxu və idman kimi mövzularda elmi əsaslı videolar paylaşır və mənbələrə istinad edir. Rossi eyni zamanda məhsul brendi və probiotik əlavələr şirkəti də qurub, lakin məsləhətlərini yalnız elmi sübutlara əsaslandırdığını bildirir.
Digər tərəfdən, Böyük Britaniyada “Big Manny” kimi tanınan Emanuel Wallace kimya və digər elm mövzularını gənclərə daha əlçatan formada təqdim edir. Onun TikTok-da 2 milyondan çox izləyicisi var. Videolarında həm klassik laboratoriya təcrübələri, həm də daha vizual və təsirli eksperimentlər nümayiş etdirilir. Məsələn, litium batareyasının iç hissəsinin toyuq ətinə təsiri ilə bağlı video uşaqlara təhlükənin ciddiliyini göstərmək məqsədi daşıyır.
Paylaş