Apple App Store-da yazdığınız hər hərfi izləyir
Sosial Media
17.06.2026
Sevinj
Apple-ın App Store mağazasında istifadəçilərin axtarış zamanı yazdığı hər hərf qeydə alınır. Təhlükəsizlik tədqiqatçıları Mysk-in paylaşdığı məlumata görə, Apple istifadəçilərin axtarış qutusunda daxil etdiyi hər simvolu, eləcə də həmin simvolların yazılma vaxtını qeyd edir.
Tədqiqatçılar bildirirlər ki, sistem istifadəçinin “Tim Cook” axtarışı zamanı yazdığı hər bir hərfi ayrıca zaman göstəricisi ilə birlikdə Apple-a göndərib. Bu məlumatlar vasitəsilə şirkət istifadəçinin yazı sürətini, hərflər arasında keçən vaxtı və tətbiqdəki fəaliyyətini müəyyən edə bilir.
Mysk vurğulayır ki, söhbət axtarış nəticələrinin əldə edilməsindən deyil, istifadəçinin yazdığı məlumatın ayrıca analitik məlumat kimi Apple-a göndərilməsindən gedir. Toplanan məlumatlara istifadə olunan iOS versiyası və istifadəçinin hansı bölmədə olduğu kimi detallar da daxildir.
Apple üçün bu məlumatların bir hissəsi texniki baxımdan vacib hesab olunur. Çünki App Store axtarış zamanı istifadəçiyə yazdığı sözə uyğun təkliflər təqdim edir və bunun üçün daxil edilən mətnin emal olunması tələb olunur. Lakin mütəxəssislər hesab edirlər ki, hər bir hərfin ayrıca saxlanılması və istifadəçi ilə əlaqələndirilə bilməsi məxfiliyə dair suallar yaradır.
Araşdırmaya görə, istifadəçilərin bu məlumatların toplanmasını tamamilə söndürməsi mümkün deyil. Xüsusilə Avropa İttifaqından kənar regionlarda App Store iPhone istifadəçiləri üçün əsas tətbiq mağazası olaraq qalır və alternativ seçimlər məhduddur.
Paylaş