Apple Grok-u App Store-dan silməklə hədələdi
Sosial Media
15.04.2026
Sevinj
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple şirkətinin, süni intellekt əsaslı çatbot xidməti olan xAI tərəfindən hazırlanmış Grok tətbiqini App Store-dan silməklə hədələdiyi ortaya çıxıb. Buna səbəb isə Grok vasitəsilə istifadəçilərin razılığı olmadan yaradılan deepfake görüntülər olub.
CNBC-nin yaydığı məlumata görə, bu ilin yanvar ayında sosial media platforması X üzərində yetkin şəxslərin və hətta azyaşlıların iştirakı ilə hazırlanmış çoxsaylı süni intellekt pornoqrafik görüntülər paylaşılmışdı. Hadisə böyük rezonans doğursa da, bir çoxları xüsusilə Apple-ın niyə məsələyə dərhal müdaxilə etmədiyini sual etmişdi. Məlum olub ki, Apple həmin dövrdə Grok-un yenilənməsini rədd edib və tətbiqin App Store qaydalarını pozduğunu bildirərək əlavə dəyişikliklər tələb edib. Şirkət xəbərdarlıq edib ki, problemlər aradan qaldırılmasa, tətbiq tamamilə mağazadan silinə bilər.
Apple bildirib ki, sonradan təqdim edilən düzəlişlərdən sonra Grok-un moderasiya sistemi “əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb” və bundan sonra yeniləmənin yayımlanmasına icazə verilib. Lakin konkret hansı dəyişikliklərin edildiyi açıqlanmayıb. Buna baxmayaraq, internet istifadəçiləri hələ də müxtəlif üsullarla Grok-un təhlükəsizlik filtrini keçərək deepfake məzmun yaratmağın yollarını tapa bilirlər. Məlumat üçün qeyd edək ki, Apple-ın App Store qaydalarına əsasən, istifadəçi tərəfindən yaradılan məzmunun ciddi şəkildə moderasiya olunması tələb edilir. Şirkət daha əvvəl oxşar səbəblərlə ən azı 28 deepfake tətbiqini platformadan silmişdi.
Ekspertlər isə hesab edir ki, Apple bu məsələdə Grok və X platformasına digər tətbiqlərlə müqayisədə daha yumşaq yanaşıb. Bunun səbəbi kimi isə həm Elon Musk-ın təsiri, həm də X platformasının bazardakı böyük mövqeyi göstərilir. Hadisə App Store idarəçiliyi və Apple-ın qaydaları hamıya eyni tətbiq edib-etməməsi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Paylaş