Apple MotionVFX şirkətini satın aldı
Sosial Media
17.03.2026
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Apple video redaktə sahəsində mövqeyini daha da gücləndirmək üçün mühüm addım atıb. Şirkət MotionVFX adlı video montaj proqram təminatı istehsalçısını satın aldığını açıqlayıb. Razılaşmanın maliyyə detalları isə ictimaiyyətə açıqlanmayıb.
Varşava şəhərində yerləşən və 2009-cu ildə qurulan MotionVFX, əsasən Final Cut Pro üçün pluginlər, şablonlar və peşəkar vizual effektlər hazırlayır. Şirkət aylıq 29 dollardan başlayan abunə modeli ilə istifadəçilərə geniş video redaktə alətləri təqdim edir.
MotionVFX yaydığı açıqlamada Apple komandası ilə birləşməkdən məmnun olduqlarını bildirib və 15 ildən çoxdur istifadəçilər üçün keyfiyyətli və istifadəsi rahat məhsullar hazırladıqlarını vurğulayıb. Şirkət həmçinin Apple-ın məhsullarında da eyni dəyərləri gördüyünü qeyd edib.
Bu satınalma Apple-ın xüsusilə özünün “Creator Studio” adlı abunə paketini daha cəlbedici etməyə yönəlib. Bu paketə Final Cut Pro, Logic Pro və Pixelmator Pro kimi məşhur tətbiqlərlə yanaşı, əlavə kontent və alətlər də daxildir.
Ekspertlər hesab edir ki, MotionVFX-in texnologiyalarının Apple ekosisteminə inteqrasiyası şirkətə rəqibləri, xüsusilə Adobe Premiere Pro və ümumilikdə Adobe Creative Cloud ilə daha effektiv rəqabət aparmağa imkan verəcək.
Paylaş