Apple Telegram-ı qısa müddətə App Store-dan sildi
Sosial Media
04.08.2026
Sevinj
Apple uşaqlara qarşı cinsi istismar materialları (CSAM) ilə bağlı qaydalarının pozulması səbəbindən Telegram tətbiqini qısa müddətlik App Store-dan silib. Şirkət bildirib ki, aparılan yoxlama zamanı platformada bu cür qanunsuz məzmun aşkarlanıb. Apple-ın açıqlamasına görə, Telegram sözügedən məzmunu operativ şəkildə silib və onu paylaşan istifadəçinin hesabını blokladıqdan sonra tətbiq yenidən App Store-da istifadəyə verilib. Şirkət qeyd edib ki, App Store-da uşaqlara qarşı cinsi istismar materiallarının yerləşdirilməsinə qarşı çox sərt qaydalar tətbiq olunur.
Telegram isə Apple-ın qərarına istehzalı münasibət bildirib. Şirkət X sosial şəbəkəsində paylaşdığı açıqlamada, bu yanaşmanın gələcəkdə App Store-dakı bütün tətbiqlərə də eyni şəkildə tətbiq olunacağına ümid etdiyini vurğulayıb. Bu, Apple ilə Telegram arasında ilk belə hadisə deyil. 2018-ci ildə də Apple oxşar səbəbdən Telegram-ı App Store-dan müvəqqəti olaraq silmişdi. Son illərdə Telegram-ın məzmun moderasiyası tez-tez tənqid olunub. 2024-cü ildə isə şirkətin baş direktoru Pavel Durov Fransada qanunsuz fəaliyyətlərə şərait yaratmaq və CSAM məzmununun yayılmasına yardım etmək ittihamları ilə saxlanılmışdı. Bundan sonra Telegram bəzi funksiyalarını məhdudlaşdırmış və məzmun moderasiyası siyasətində dəyişikliklər etmişdi.
Paylaş
