
Artıq TikTok-da 18 yaşdan kiçik istifadəçilər gözəllik filtrlərindən istifadə edə bilməyəcəklər!
Sosial Media
28.11.2024
Aslan
TikTok gənc istifadəçilərini qorumağı hədəfləyən yeni təhlükəsizlik tədbirlərini açıqlayıb. Artıq 13 yaşdan kiçik şəxslər TikTok-da qeydiyyatdan keçə bilməyəcək, 18 yaşdan aşağı istifadəçilər isə üz filtrindən istifadə edə bilməyəcəklər.
18 yaşdan kiçik istifadəçilər artıq göz böyütmə, dərini hamarlaşdırma və ya dəri tonunu açma kimi görünüşü dəyişdirən filtrlərdən istifadə edə bilməyəcəklər. Lakin əyləncə məqsədli filtrlərə bu məhdudiyyət tətbiq edilməyəcək. Bu dəyişikliklərin, əsasən, üz quruluşunu incəldən, dərini işıqlandıran və kiprikləri uzadan "Bold Glamour" kimi gözəllik filtrlərinə yönəldiyi güman edilir.

Üz filtrlərindən əlavə olaraq TikTok-a yaş məhdudiyyəti də gətirilir. Artıq 13 yaşdan kiçik istifadəçilər tətbiqdə qeydiyyatdan keçə bilməyəcəklər. TikTok, inkişaf etmiş texnologiyalar vasitəsilə istifadəçilərin fərqli tarix və ya doğum tarixi ilə yeni hesab yaratmasını məhdudlaşdıracağını və yetkinlik yaşına çatmayan şəxs tərəfindən yaradıldığından şübhələnilən hesabların aşkarlanaraq yoxlanacağını bildirib.
Bu tədbirlər, TikTok-un Böyük Britaniya mərkəzli Internet Matters adlı qeyri-kommersiya təşkilatı ilə birgə apardığı araşdırma əsasında həyata keçirilir. Tədqiqatın məqsədi, effekt və filtrlərin gənclərə potensial zərərini nəzarət altına almaqdır. Hesabatda gözəlləşdirici filtrlərin idealizə edilmiş fotoları normallaşdırdığı, platformadakı gənclər arasında sosial təzyiq yaratdığı və onların psixi sağlamlığına mənfi təsir göstərdiyi nəticəsinə gəlinib.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
