Avropa İttifaqı WhatsApp üçün müvəqqəti tədbirlər planlaşdırır
Sosial Media
10.02.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Avropa İttifaqı Meta şirkətini WhatsApp platformasında rəqib süni intellekt çatbotlarını bloklamaqda ittiham edib. Aİ-nın icraedici orqanı olan Avropa Komissiyası ilkin rəyində bildirib ki, Meta antimonopoliya qanunlarını poza bilər və bununla da AI assistent bazarında rəqabəti məhdudlaşdırır.
Məsələ WhatsApp-ın biznes istifadəçiləri üçün şərtlərinin yenilənməsi ilə gündəmə gəlib. Komissiyanın məlumatına görə, yanvarın 15-də qüvvəyə minən dəyişikliklər Meta AI-ı WhatsApp-da faktiki olaraq yeganə süni intellekt köməkçisi halına gətirə bilər. Bu isə üçüncü tərəf AI xidmətlərinin platformaya çıxışını əngəlləyir. Avropa Komissiyasının vitse-prezidenti Teresa Ribera bildirib ki, süni intellekt bazarı çox sürətlə inkişaf edir və bu səbəbdən tənzimləyici qurumlar çevik hərəkət etməlidir. Onun sözlərinə görə, Meta-nın yeni siyasəti Avropada rəqabətə geri dönməz zərər vura bilər və buna görə də istintaq yekunlaşmadan əvvəl “müvəqqəti tədbirlərin” tətbiqi istisna edilmir.
Qeyd edək ki, Avropa Komissiyası bu məsələ ilə bağlı rəsmi araşdırmanı dekabrın 4-də başladıb. Hazırkı açıqlama Meta üçün rəsmi xəbərdarlıq xarakteri daşıyır və yekun qərar hələ verilməyib.
Paylaş