Avropa İttifaqı yeniyetmələrin sosial mediadan istifadəsinə məhdudiyyətlər hazırlayır
Sosial Media
13.07.2026
Sevinj
Avropa İttifaqı uşaqların və yeniyetmələrin sosial media platformalarından istifadəsini məhdudlaşdıracaq yeni qaydalar üzərində işləyir. Hazırlanan təkliflər arasında yaş məhdudiyyətlərinin sərtləşdirilməsi, müəyyən yaş qrupları üçün sosial mediaya girişin qadağan edilməsi və mərhələli istifadə modeli yer alır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, məqsəd uşaqların sosial mediaya daxil olub-olmaması deyil, sosial medianın uşaqlara nə vaxt və hansı şərtlərlə çıxış əldə etməsinin müəyyənləşdirilməsidir. Onun sözlərinə görə, ekspertlərin təqdim etdiyi hesabat nəzərdən keçirildikdən sonra Komissiya yay aylarından sonra yeni qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.
Ekspert panelinin tövsiyələrinə əsasən, 3 yaşadək uşaqlar üçün ümumiyyətlə ekran istifadəsi tövsiyə edilmir. 13 yaşdan kiçik uşaqlar internetdən yalnız valideyn nəzarəti altında istifadə etməli, daha böyük yaş qrupları üçün isə mərhələli və yaşa uyğun məhdudiyyətlər tətbiq olunmalıdır. Hesabatda həmçinin sosial media şirkətlərinin uşaqlar üçün təhlükəsiz olduğunu sübut etməsinin zəruri olduğu vurğulanır. Bu yanaşma qəbul olunacağı təqdirdə platformalar azyaşlı istifadəçilərə xidmət göstərməzdən əvvəl onların təhlükəsizlik standartlarına cavab verdiyini nümayiş etdirməli olacaqlar. Hazırlanacaq qanun layihəsinin qüvvəyə minməsi üçün əvvəlcə Avropa Parlamenti və Aİ-yə üzv olan 27 ölkə tərəfindən təsdiqlənməsi tələb olunur.
Paylaş