Avropa Komissiyası WhatsApp-ı daha sərt qaydalarla üz-üzə qoya bilər
Sosial Media
12.01.2026
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, WhatsApp Avropa İttifaqında daha sərt nəzarət altına düşə bilər. Reuters-in məlumatına görə, Meta-ya məxsus messencerin WhatsApp Channels funksiyası 2025-ci ilin ilk 6 ayı ərzində Avropa İttifaqında orta hesabla 51,7 milyon aylıq aktiv istifadəçiyə çatıb. Bu isə platformanın Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının (Digital Services Act – DSA) tələblərinə tabe olması üçün müəyyən edilən 45 milyon istifadəçi həddini keçməsi deməkdir.
Avropa Komissiyasının qaydalarına əsasən, aylıq 45 milyon və ya daha çox istifadəçisi olan platformalar “çox böyük onlayn platforma” (VLOP) statusu alır. Bu status isə qanunsuz və zərərli məzmunun silinməsi, şəffaflıq və istifadəçi təhlükəsizliyi ilə bağlı daha sərt öhdəliklər yaradır. Qaydalara əməl etməyən şirkətlər illik qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə oluna bilər.
WhatsApp əsasən şəxsi mesajlaşma üçün istifadə edilsə də, Channels funksiyası bir tərəfli paylaşımlara imkan verdiyi üçün Meta-nın digər sosial şəbəkələrinə daha çox bənzəyir. Avropa Komissiyasının sözçüsü bildirib ki, qurum WhatsApp Channels-in ayrıca VLOP kimi tanınması ehtimalını aktiv şəkildə araşdırır və gələcəkdə bu istiqamətdə qərar verilə bilər.
Paylaş