Azərbaycanlı idmançı “Beşiktaş”la Dünya Çempionatında!

27.05.2019 0 PAYLAŞIM 386 OXUNMA

    Azərbaycanlı Baba “NoHelp” Quliyevin də üzvü olduğu “Beşiktaş Esports” komandası Moskvada keçirilən “Point Blank Dünya Çempionatı”na qatıldı.

    Onlayn FPS oyunu Point Blank, dünyada 10-dan çox ölkədə 130 milyondan çox oyunçu tərəfindən oynanılır. Moskvada keçirilən “Point Blank Dünya Çempionatı 2019” isə bu oyunda ilin hadisəsi idi.

    Ümumi mükafat fondu 50 min dollar olan bu yarışda oyunlar 25 may və 26 may tarixlərində keçirildi. İki günlük qızğın mübarizədən sonra isə qalib komanda 30 min dollarlıq əsas mükafatın sahibi oldu. Ümumilikdə altı komandanın yarışdığı müsabiqədə Braziliya, Tayland, İndoneziya, Türkiyədən bir, ev sahibi Rusiyadan isə iki komanda mübarizə aparıb.


    Yarışda Türkiyənin “Beşiktaş Esports” komandası da yarışdı. Azərbaycanlı gənc kiberidmançı Baba Quliyev həmin komandanın üzvlərindən biridir. Ümumilikdə beş idmançıdan ibarət olan komandanın aparıcı üzvü olan Baba Quliyev idman aləmində daha çox “NoHelp” ləqəbiylə tanınır.

    2010-cu ildə qurulan “Nfinity Games” həm Türkiyədə, həm də Azərbaycanda “Point Blank” oyununa aid etdiyi tədbirlərlə bu yeni kiberidman sahəsinin inkişafına böyük təkan verməkdədir. Türkiyənin köklü idman klublarından olan “Beşiktaş”ın kiberidmana qatılması və həmin komandada azərbaycanlı idmançının yarışması təsadüfi deyil. 2019-cu ilin aprel ayında Azərbaycan Kiberidman Federasiyası ilə imzaladıqları müqavilə də ortaq təcrübələri bölüşmək istəyindən qaynaqlanır.

    Yarışda İndoneziyanın “RRQ TCN“ komandası qalib oldu.

    Müsabiqədə iştirak edən həmyerlimiz Baba Quliyevə və təmsil etdiyi “Beşiktaş Esports”a gələcək yarışlarda uğurlar arzu edirik.