
Bundan sonra Instagram-da canlı yayımı ən azı 1000 abunəçiyə sahib hesablar keçirə biləcəklər
Sosial Media
04.08.2025
Emil
1 avqust tarixindən etibarən Instagram platforması yeni bir yeniliyin tətbiqinə başlayıb: yalnız açıq hesabı olan və ən azı 1000 izləyicisi olan istifadəçilər canlı yayım keçirə biləcəklər. Qapalı hesab sahibləri və 1000-dən az izləyicisi olan istifadəçilər isə bu funksiyadan artıq istifadə edə bilməyəcəklər. Platformanın rəsmi dəstək səhifəsində qeyd olunub: “Yalnız açıq hesabı və 1000 və ya daha çox izləyicisi olan Instagram istifadəçiləri canlı yayım keçirə biləcəklər”. Bu dəyişiklik kiçik kontent müəllifləri, yeni başlayan blogerlər, yerli biznes sahibləri və azsaylı izləyici auditoriyası ilə canlı yayım aparanlar üçün ciddi məhdudiyyət sayılır. Qeyd edək ki, bu, sahədə tamamilə yeni bir addım deyil - TikTok da canlı yayım üçün 1000 izləyici tələb edir.

YouTube-da isə bu hədd daha aşağıdır - cəmi 50 abunəçi kifayət edir. Meta bu dəyişikliklə bağlı rəsmi açıqlama verməyib, buna görə də ehtimal etmək olar ki, məqsəd azsaylı auditoriyası olan yayımlarla bağlı xərcləri azaltmaq və ya canlı kontentin keyfiyyətini artırmaqdır. Canlı yayım platforma üçün, adi video paylaşımından daha çox resurs tələb edir. Müasir texnologiyalar bizə bu baxımdan müəyyən rahatlıq versə də, şirkətlər əlavə gəlir gətirməyən sahələrə artıq resurs sərf etməkdə maraqlı deyillər. Əvvəllər qaydalar belə idi: hesabı 30 gündən çox olan, ən azı 1 izləyicisi və müxtəlif kotentlə (foto, bio, bir neçə paylaşım) zəngin olan istənilən istifadəçi izləyici sayından asılı olmayaraq canlı yayım keçirə bilirdi. İnsanlar bu funksiyadan aktiv şəkildə istifadə edərək öz hesablarını tanıtmaq və yeni auditoriya cəlb etmək üçün alternativ kontent növü kimi yayımlar aparırdılar.
Paylaş