main-post-cover

    Clubhouse-un Android versiyasının nə zaman istifadəyə veriləcəyi məlum olub

    Sosial Media
    24.03.2021
    Emil Nəcəfov
        Məşhur Clubhouse sosial şəbəkəsinin həmtəsisçisi Paul Davison bildirib ki, tətbiqin Android versiyası bir neçə aydan sonra istifadəyə veriləcək. Hər həftə keçirilən Townhall adlı tədbir çərçivəsində Davison qeyd edib ki, komanda tətbiqin Android versiyasına keçidi üçün çox çalışıb və istifadəçilər bunun üçün bir qədər də gözləməli olacaqlar. Bu barədə Techcrunch saytı xəbər verib. Çox güman ki, Clubhouse-un Android versiyası yaz fəslinin sonunda və ya yay fəslinin əvvəlində istifadəyə veriləcək.
        Qeyd etmək lazımdır ki, məşhur sosial şəbəkənin Android versiyasının hazırlanması üçün tətibatçının işə cəlb olunması barədə məlumat hələ keçən ayın sonunda verilmişdi. Bununla yanaşı müxtəlif dil qruplarına aid olan çoxlu sayda istifadəçinin Clubhouse-a qoşulması səbəbilə sosial şəbəkə təkmilləşdirilməyə məruz qalacaq. Dəyişikliklər əsasən aktivlik səhifəsini əhatə edəcək. Push bildirişlərin idarə olunması üçün əlavə alətlər inteqrasiya ediləcək və istifadəçi üçün fərdi funksiyalar əlavə olunacaq.
        Buna misal olaraq tətbiqin ilk dəfə işə salınması zamanı istifadəçiyə maraqlı ola biləcək otaqların məsləhət sistemini gətirmək olar. Bununla yanaşı Paul Davison bildirib ki, yaxın aylarda Clubhouse dəvət sistemindən imtina edəcək. Dəvət sistemi olmadan sosial şəbəkəyə daxil olma imkanının yaradılması öz növbəsində daha çox istifadəçi kütləsini əhatə etməyə şərait yaradacaq. Tərtibatçılar həmçinin otaq yaradıcılarına öz istifadəçi kütlələrini artırmağa, tədbirləri birbaşa ödəniş sayəsində gəlirli etməyə, brendləri sponsorlaşdırmağa və ödənişli tədbirləri işə salmağa imkan verəcək funksiyaları əlavə etməyi planlaşdırırlar. 
    Linki kopyala