Digg geri döndü: Reddit-in köhnə rəqibi açıq beta mərhələsinə başladı
Sosial Media
15.01.2026
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, erkən internet dövrünün ən məşhur icmalarından biri olan Digg uzun fasilədən sonra yenidən səhnəyə qayıdır. Bir vaxtlar Reddit-in əsas rəqiblərindən sayılan platforma bu dəfə açıq beta mərhələsi ilə ictimaiyyətə təqdim olunur. Hazırda Digg-in sahibləri onun qurucusu Kevin Rose və Reddit-in həmtəsisçisi Alexis Ohanian-dır. Yeni Digg həm veb-sayt, həm də mobil tətbiq vasitəsilə istifadəçilərə müxtəlif icmalardakı paylaşımlara baxmaq, post paylaşmaq, şərh yazmaq və məzmunu “digg” etməklə səs vermək imkanı yaradır.
Xatırladaq ki, Digg 2008-ci ildə 175 milyon dollar dəyərində qiymətləndirilmişdi, lakin zamanla Reddit-in kölgəsində qaldı. Platforma 2012-ci ildə parçalanaraq müxtəlif şirkətlərə satıldı və 2018-ci ildə rəqəmsal reklam şirkətinin nəzarətinə keçdi. Bu müddətdə Reddit böyüyərək IPO keçirdi və süni intellekt şirkətləri ilə kontent lisenziyalaşdırma razılaşmaları hesabına əlavə gəlir mənbələri yaratdı. Bu şirkətlər arasında Google və OpenAI də var.
Kevin Rose və Alexis Ohanian isə süni intellekt dövrünü Digg üçün yeni fürsət kimi görür. Onların fikrincə, AI sosial platformalardakı toksik mühiti azaltmaq və bot hesabların qarşısını almaq üçün istifadə oluna bilər. Digg bu məqsədlə klassik “təsdiqlənmiş hesab” yanaşmasından fərqli olaraq, istifadəçi etibarını müxtəlif “kiçik siqnallar” əsasında formalaşdırmağı planlaşdırır.
Paylaş