main-post-cover

    Elon Musk bütün dünya üzrə ağacların əkilməsi layihəsinə 1 milyon dollar vəsait bağışladı

    Sosial Media
    31.10.2019
    Emil Nəcəfov
        Planetin yaşıllaşdırılması məqsədi ilə işə salınan #TeamTrees adlı layihə çərçivəsində Yer kürəsinin bütün nöqtələrində əkiləcək ağaclar üçün Elon Musk 1 milyon dollar vəsait bağışlayıb. Bu vəsaitlər vasitəsilə 1 milyon ədəd ağacın əkilməsi planlaşdırılır. Bu barədə Rusbase saytı xəbər verib. #TeamTrees layihəsi ideyası MrBeast ləqəbi ilə videolar hazırlayan amerikalı videobloqqer Jimmy Donaldson-a məxsusdur. O bu layihəni Arbor Day Foundation adlı qeyri kommersiya təşkilatı ilə reallaşdırır. Həmin təşkilat isə ağacların əkilməsi ilə məşğuldur.
        #TeamTrees layihəsi çərçivəsində yığılmış hər bir dollar bir şitilin əkilməsinə sərf olunur. Layihənin saytında qeyd olunub ki, əsas məqsəd 1 yanvar 2020-ci il tarixinə kimi bütün dünya üzrə 20 milyon ağac əkməkdir. Hələ ki, yığılmış vəsait 10.537.486 ədəd ağacın əkilməsinə bəs edir. Elon Musk bu layihəyə 28 oktyabr tarixində fikir vermişdi. Həmin vaxtda o, MrBeast-in tweet-ni görmüşdü.
        Həmin tweet-də Jimmy Donaldson qeyd etmişdi ki, o, 6 milyon ağac üçün lazım olan vəsaiti yığıb. Musk isə öz növbəsində hansı ağacların harada əkiləcəkləri barəsində maraqlanıb. Donaldson bildirib ki, ağaclar Antarktika istisna olmaqla bütün dünya üzrə əkiləcəklər və ağacların növləri əkiləcəkləri regionlardan asılı olaraq fərqlənəcəklər. Buna cavab olaraq Musk 1 milyon ağac üçün vəsait bağışlayacağına söz verib və öz Twitter hesabındakı adını Treelon-a dəyişib.
        Daha sonra isə #TeamTrees saytında Elon Musk-ın bağışladığı vəsait əks olunub. Beləliklə Musk layihəyə 1 milyon dollar vəsait bağışladı. Bu, layihənin yaranmasından bəri onun əldə etdiyi ən böyük vəsait oldu. Sözgüedən layihənin digər investorları siyahısında Twitter-in yaradıcısı Jack Dorsey, norveçli DJ Alan Walker və həmçinin PewDiePie kimi məşhur videobloqqerlər var. 
    Linki kopyala