
Elon Musk-ın Wikipedia analoqu Grokipedia yaxın həftələrdə istifadəyə veriləcək
Sosial Media
06.10.2025
Emil
Elon Musk ona məxsus süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti ilə bağlı yeni layihənin yaxın zamanda istifadəyə veriləcəyini elan edib. Söhbət Grokipedia adlı xidmətdən gedir - bu platforma internet ensiklopediyası Wikipedia-ya rəqib kimi nəzərdə tutulur. Əsas fərq ondan ibarətdir ki, xAI platforması özündə Grok adlı böyük dil modelini birləşdirir. “Grokipedia-nın 0.1 versiyalı ilkin beta variantı 2 həftə ərzində yayımlanacaq” - deyə Elon Musk bildirib. Xatırladaq ki, Grokipedia süni intellekt əsaslı internet ensiklopediyası kimi təqdim olunur və Wikipedia ilə müqayisədə “əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş” layihə kimi təsvir edilir.

Bir izləyicinin sualına cavab olaraq Musk yazıb ki, “Grokipedia həm insanlar, həm də süni intellekt üçün istifadəyə heç bir məhdudiyyət qoymadan dünyanın ən böyük və ən dəqiq bilik mənbəyi olacaq”. Mövcud məlumatlara əsasən, Grokipedia platformasında Grok adlı böyük dil modeli istifadə olunacaq. Bu model müxtəlif mənbələrdən, o cümlədən Wikipedia-dan toplanan böyük həcmli məlumatların emalı üçün tətbiq ediləcək. Hər hansı materialı öyrəndikdən sonra süni intellekt həmin məlumatın tam və ya qismən doğru, yaxud yalan olduğunu müəyyən etməyə çalışacaq. Alınan nəticəyə əsasən Grok mətnin tərkibini yenidən yazacaq - yalan məlumatları siləcək və ilkin mətn natamam olduğu halda onu əlavə məlumatlarla tamamlayacaq.

Gözlənilir ki, Grokipedia “həqiqi bilik mənbəyi”nə çevriləcək, çünki platformanın əsas məqsədi yalnız etibarlı və təsdiqlənmiş məlumatların dərcinə fokuslanmaqdır. Güman edilir ki, Grokipedia sosial şəbəkə X-dəki Community Notes funksiyasına bənzəyəcək. Bu funksiya, o cümlədən böyük təşkilatların paylaşdıqları yanlış və ya çaşdırıcı məlumatları təkzib etmək üçün istifadə olunur. Maraqlıdır ki, platforma həm adi istifadəçilər, həm də neyron şəbəkələr üçün açıq olacaq. Bu xüsusiyyət sayəsində Grokipedia zamanla süni intellekt ekosistemində universal axtarış alətinə çevrilə bilər. Grokipedia-nın əslində nədən ibarət olacağını isə artıq bir neçə həftə ərzində qiymətləndirmək mümkün olacaq.
Paylaş