main-post-cover

    Elon Musk Twitter ilə bağlı gələcək planlarından danışıb

    Sosial Media
    10.11.2022
    Farid Pardashunas
        Twitter-in yeni sahibi olan Elon Musk yaxın gələcəkdə sosial şəbəkədə reallaşdırılacaq yeniliklər barəsində danışıb. Twitter ilə bağlı gələcək planları barəsində Musk Twitter Spaces audio çatında sosial şəbəkənin istifadəçiləri ilə söhbət edərkən danışıb. Beləliklə Musk bildirib ki, o, kontent müəllifləri üzərindən qazanc əldə etməyi və bu mövzuda video formata daha çox diqqət ayırmağı planlaşdırır. O, ilk növbədə TikTok-un artıq uğur qazandığı bizneslərdə özünü sınamaq niyyətindədir. Twitter-də reallaşdırıla biləcək daha bir yenilik isə pul vəsaitlərinin göndərilməsi ola biər.
        Əgər bu funksiya gələcəkdə reallaşdırılsa, deməli istifadəçilər müxtəlif debet kartlarını öz istifadəçi hesablarına bağlaya biləcəklər. Bunun sayəsində onlar sosial şəbəkə daxilində pul köçürmələrini reallaşdıra bilərlər. Nəticə etibarilə Musk Twitter-i “dünyadakı hər şey üçün” nəzərdə tutulmuş tətbiqə çevirmək niyyətindədir. Çox güman ki, söhbət, super tətbiqlər kateqoriyasından gedir. Bu cür tətbiqlərə misal olaraq WeChat-ı gətirmək olar. Verilmiş məlumata əsasən Musk-ın audio çat vasitəsilə istifadəçilərlə ünsiyyəti məhz reklam verənlər üçün təşkil edilmişdi. Qeyd etmək lazımdır ki, Twitter-in CEO-su vəzifəsində qısa müddət ərzində çalışmağa başlamasına baxmayaraq Musk ilə reklam verənlər arasında hədsiz soyuqluq yaranıb.
        Reklam verənlər hətta Twitter-dəki reklam kampaniyalarını da dayandırıblar. Belə ki, onlar sosial şəbəkə daxilində olacaq dəyişikliklərdən narahatdırlar. Musk isə istifadəçilər ilə ünsiyyət çərçivəsində qeyd edib ki, Twitter reklam verənlərə sadiq olaraq qalacaq və platforma sürətli temp ilə inkişaf etməyə başlayacaq. “Keçmişdəki vəziyyətdən fərqli olaraq Twitter böyük addımlarla inkişaf edəcək. Bilirsiniz, yerdə qalan hər şeyi nəzərə almasaq, mən texnoloqam və texnologiyaları daha sürətli çalışmağa məcbur edə bilərəm. Bu isə sizin Twitter-də görəcəyiniz bir şey olacaq” - deyə Musk qeyd edib.
        Musk həmçinin sosial şəbəkədə paylaşılan kontentlər ilə bağlı olan bir çox qaydaları aradan qaldıracağına söz verib. Yaxın aylar ərzində şirkət daxilində xüsusi şura yaradılacaq və həmin şura bu cür məsələləri nəzərdən keçirtmək və Musk-a konsultasiya vermək üzrə fəaliyyət göstərəcək. Bununla yanaşı Musk videokontentlə bağlı olan sahəyə külli miqdarda vəsait yatırmaq niyyətinin olduğunu təsdiqləyib. Güman olunur ki, Twitter Blue istifadəçiləri sosial şəbəkədə 10 dəqiqəlik videoların paylaşılması imkanını əldə edəcəklər. Daha sonra bu limit 42 dəqiqəyə və bir qədər uzaq gələcəkdə bir neçə saata yüksəldiləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər