Facebook-da link paylaşmaq artıq ödənişli ola bilər
Sosial Media
18.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta Facebook platformasında link paylaşımını məhdudlaşdıran yeni bir funksiyanı test etməyə başlayıb. Yeni test çərçivəsində kontent yaradıcılarının ay ərzində paylaşa biləcəyi linklərin sayı Meta Verified abunəliyinə sahib olub-olmamasından asılı olacaq.
Sosial media məsləhətçisi Matt Navarra tərəfindən paylaşılan ekrana görə, testə daxil edilən bəzi istifadəçilər Meta tərəfindən bildiriş alıblar. Bildirişdə qeyd olunur ki, Meta Verified abunəliyi olmayan Facebook profilləri ayda cəmi 2 orqanik paylaşımda link yerləşdirə biləcək. Meta məsələni Engadget-ə təsdiqləyərək bildirib ki, bu, məhdud miqyaslı bir testdir və əsas məqsəd Meta Verified abunəçiləri üçün daha çox link paylaşma imkanının əlavə dəyər yaradıb-yaratmadığını yoxlamaqdır. Test hazırda “professional mode” istifadə edən müəyyən sayda məzmun yaradıcısı və səhifəyə şamil edilir.
Bu addım Meta üçün diqqətçəkən bir dəyişiklik hesab olunur. Çünki bir çox məzmun yaradıcısı və biznes Facebook üzərindən xarici saytlara trafik yönləndirməyə güvənir. Link paylaşımının məhdudlaşdırılması onların auditoriya və gəlir modellərinə mənfi təsir göstərə bilər.
Paylaş