Logo
    main-post-cover

    Facebook ilə Instagram-da Twitter Blue abunəliyinin analoqu istifadəyə verilib

        Keçən ilin sonunda Twitter-də Twitter Blue abunəliyi istifadəyə verilmişdi. Aylıq 8$ müqabilində Twitter Blue istifadəçiləri bir sıra funksiyaları və öz hesablarının təsdiqlənməsini (verification) əldə edirlər. Belə ki, onların hesablarında göy rəngli təsdiq işarəsi əmələ gəlir. İndi isə rəsmi şəkildə elan edilib ki, Meta Platforms şirkəti bu həftədən Facebook ilə Instagram-da Twitter Blue abunəliyinin analoqunu istifadəyə verir. Məlumatda qeyd edilib ki, istifadəyə verilmiş abunəliklərdən istifadə haqqı aylıq 11.99$ təşkil edir. Bu, abunəlikləri kənar ödəniş servisləri vasitəsilə əldə edənlər üçün nəzərdə tutulmuş qiymətdir. Lakin iOS istifadəçiləri Facebook tətbiqi vasitəsilə abunəlik əldə etmək istəsələr, 14.99$ ödəməli olacaqlar. Belə ki, Apple şirkəti öz ödəniş sistemi üzərindən edilmiş tranzaksiyalardan komissiya tutur.
        Facebook və Instagram-da abunəlik artıq ABŞ, Avstraliya və Yeni Zelandiyada istifadəyə verilib. Abunəliklərin aylıq qiymətləri həmçinin ölkələr üzrə də dəyişir. Beləliklə bu abunəliklər vasitəsilə istifadəçilər qeyd edilmiş sosial şəbəkələrdə hesablarını və hər hansısa rəsmi dövlət sənədi vasitəsilə şəxsiyyətlərini təsdiqləmiş olurlar. Bu prosesdən keçdikdən sonra istifadəçi hesabı xüsusi təsdiq işarəsini əldə edir. Lakin əgər istifadəçi öz hesabındakı adını, doğum tarixini və ya profil fotosunu dəyişmək istəsə, təsdiq prosesindən təkrar keçmək lazım olacaq. Facebook və Instagram-da abunəlikdən yalnız 18 yaşına çatmış şəxslər istifadə edə bilərlər. Əlavə olaraq abunəçilər axtarış nəticələrində və alqoritmlərin məsləhət siyahılarında yüksək prioritetə sahib olacaqlar. Burdan da belə qənaətə gəlmək olar ki, Faceboook ilə Instagram-da istifadəyə verilmiş abunəlik ilk növbədə kontent yaradıcıları üçün nəzərdə tutulub.
        Biznes hesabları üçün abunəlik hələ aktiv deyil. Lakin çox güman ki, bu sadəcə zaman məsələsidir. Abunəçilər Stories Reels paylaşımları üçün eksklüziv stikerlər və hər ay 100 ədəd pulsuz ulduz əldə edəcək. Ulduz dedikdə isə sosial şəbəkə daxilində reallaşdırılmış valyutadan gedir. Daha öncədən təsdiq prosesindən keçmiş istifadəçi hesabları üçün heç bir dəyişiklik olmayacaq. Onları yeni abunəliyə keçid etməyə məcbur etməyəcəklər və onlar əlavə üstünlükləri özlərində qoruyub saxlayacaqlar. Onu da qeyd etmək lazımdır ki, abunəçilər sosial şəbəkənin texniki dəstək xidmətinə müraciət məsələsində də yüksək prioritetə sahib olacaqlar və onların hesabları daha təkmilləşdirilmiş təhlükəsizlik sistemi vasitəsilə qorunacaq. Yaxın müddətdə Meta şirkəti abunəliyi daha çox ölkədə istifadəyə verəcək.
    Paylaş
    Bənzər xəbərlər