main-post-cover

    Facebook öz yeni dizaynını təqdim etdi

    Sosial Media
    01.05.2019
    Emil Nəcəfov
        Gecə Facebook şirkəti F8 adlı tədbiri keçirdib. Həmin tədbirdə şirkət bir neçə yeni məhsullar anons etdi və varolan məhsullarda dizayn dəyişikliklərini elan etdi. Onların sırasında varolan sosial şəbəkənin dizayn dəyişikliyi, Messenger-in daha sadələşdirilmiş versiyası və s. var. Bu barədə Vc.ru saytı xəbər verib.
    Facebook-un yeni dizaynı:
        Şirkət məşhur sosial şəbəkənin yeni dizaynını təqdim edib. Dizayn dəyişikliyi sosial şəbəkənin təkcə desktop versiyasını deyil həm də mobil tətbiqini əhatə edəcək. Yeni dizaynda sosial şəbəkənin yuxarı hissəsindəki göy rəngli panel yox olacaq. Göy rəngin yerinə sosial şəbəkənin yuxarı hissəsi daha açıq rəngli dizaynda reallaşdırılacaq. Yeni dizayn FB5 adını əldə edib.

        Facebook tətbiqinin bu cür yenilənmiş versiyası yaxın zamanda Android iOS üçün təqdim olunacaq. Sosial şəbəkənin desktop versiyasının dizayn dəyişikliyi isə bir neçə ay ərzində reallaşdırılacaq. Dizayn dəyişikliyindən sonra Facebook loqosu göy rəngli kvadratda deyil, mavi rəngli dairənin daxilində yerləşdiriləcək. Naviqasiya üçün nəzərdə tutulmuş ikonlar isə yuxarı hissəyə inteqrasiya ediləcək.

        Mark Zuckerberg-in sözlərinə əsasən sosial şəbəkənin yeni dizaynı istifdəçinin diqqət mərkəzinə qrupları əlavə edəcək. Qruplar olan bölmədə istifadəçilər həmin qrupların xəbərlərini görə biləcəklər. Bundan əlavə olaraq Facebook qrup axtarışı məsləhəti sistemini də təkmilləşdirəcək. Bununla yanaşı qruplar yeni funksiyalar da əldə edəcəklər. Məsələn iş elanları üçün nəzərdə tutulmuş qruplarda vakansiyalar üzrə elanlar üçün şablonlar, oyun qruplarında isə ayrıca çatlar olacaq. İstifadəçilər həmçinin yazılarını öz səhifələrindən birbaşa qrupa yerləşdirə biləcəklər.

        Şirkət sosial şəbəkəyə maraqlar üzrə sürətli dost axtarışı sistemini əlavə edəcək. Bura həmçinin Meet New Friends adlı yeni funksiya da daxildir. Şirkət qeyd edib ki, həmin funksiya sayəsində istifadəçilər məktəb, iş yeri və ya yaşadıqları eyni şəhər özəllikləri əsasında tanış ola biləcəkləri insanları axtara biləcəklər. Meet New Friends funksiyası hələ test rejimindədir. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir. Sosial şəbəkədə daha bir yenilik hadisələr qovluğu olacaq. İstifadəçilər bunun sayəsində ətraflarında nələrin baş verdiklərindən xəbər tutacaqlar, sosial şəbəkədən məsləhət alacaqlar və öz qərarlarını dostları ilə koordinasiya edə biləcəklər.

    Messenger-in sadələşdirilmiş və desktop versiyası:
        Facebook şirkəti Messenger-in daha sürətli və yüngül versiyasını anons etdi. Messenger-in bu sadələşdirilmiş versiyası 2 saniyədən az bir vaxtda işə düşəcək və onun həcmi 30 MB-dan az təşkil edəcək. Messenger həmçinin desktop versiyasını əldə edəcək. Desktop versiya həm Windows həm də macOS əməliyyat sistemləri üçün çıxacaq. Messenger-in desktop versiyası mobil versiyanın bütün funksiyalarını dəstəkləyəcək. Bura həmçinin qrup videoçatları da daxil olacaq. Yeni Messenger versiyalarından əlavə olaraq Facebook şirkəti real zaman ərzində birgə video izləmə funksiyasını və ən yaxın dostlar ilə ünsiyyət imkanını verəcək rəqəmsal otaq funksiyasını anons edib.
    Instagram üçün ianə yığımı stikerləri və yeni kamera:
        Məşhur fotoservisin ABŞ-dakı istifadəçiləri artıq ianə yığımı stikerlərini əldə ediblər. Bu cür stikerləri Stories paylaşımına əlavə etmək üçün sadəcə olaraq foto çəkmək, siyahıda təqdim olunan qeyri-kommersiya məqsədli təşkilatı seçmək və çəkilmiş fotoya ianə yığmı üçün nəzərdə tutulmuş stikeri əlvə etmək lazımdır. Beləliklə yığılmış ianələrin 100%-i siyahıdan seçilmiş qeyri-kommersiya məqsədli təşkilatın hesabına yatırılacaq.
        Fotoservis həmçinin foto və videoların çəkilməsi üçün yenilənmiş kamera rejimini də əldə edəcək. Həmin yenilənmiş kamera rejimi effektlərdən və stikerlərdən istifadəni daha da rahat hala gətirəcək. Bununla yanaşı fotoservis alış-veriş sistemini də təkmilləşdirəcək. Bloqqerlər öz fotolaarında geyimləri, ayaqqabıları və digər məhsulları işarə edə biləcəklər. İstifadəçilər isə həmin işarələrə klik edərək alış-veriş üçün lazımi hissəyə keçid edə biləcəklər.

        Əvvəllər çoxlu sayda abunəçi sayına sahib istifadəçilər konkret məhsulları deyil, ayrı-ayrı brendləri öz fotolarında işarələyə bilirdilər. Buna görə də hesab sahibləri konkret məhsul barəsində adi istifadəçilərin suallarına rəylərdə və ya Instagram Direct-də cavab verməli olurdular. Adi istifadəçilər bu halda fotonun sadəcə olaraq screenshotunu edərək məhsulu özləri axtarmalı olurdular. Hələki yeni funksiya çox az sayda bloqqer vasitəsilə test olunur.
    Mesajların Messenger, Instagram və Whatsapp arasında mübadiləsi:
        Facebook şirkəti bildirib ki, istifadəçilər şirkətin bütün servisləri arasında (Messenger, Instagram və Whatsapp) mesajlaşa biləcəklər. Bu halda mesajlaşma end-to-end sistemi əsasında şifrələnəcək. Bu layihənin digər təfərrüatları barəsində məlumat yoxdur. Lakin onun bu ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Linki kopyala